Rüşvətalma cinayətində vasitəçiliyin – ROLU VƏ XÜSUSİYYƏTLƏRİ
Rüşvətalma Cinayətində Vasitəçiliyin- Rolu
Rüşvətxorluq Cinayət Məcəlləsində korrupsiya cinayətləri qrupunda yer alır. Cinayət Məcəlləsində rüşvətxorluq iki maddə ilə əhatə olunur: rüşvətalma və rüşvətvermə. Rüşvətalma – vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – deyə ifadə edilmişdir (Cinayət Məcəlləsi 311-ci maddə).
Korrupsiya Nədir
Rüşvətalma insanlar tərəfindən korrupsiyanın ən geniş yayılmış, ən rahat qavranılan və anlaşılan növü olaraq göstərilir. (Dr. Mürteza Hasanoğlu, Ziya Aliyev 2007). Belə ki, dövlət qulluqçuları arasında keçirilən sorğu zamanı “Korrupsiya dedikdə nə başa düşürsünüz?” sualına verilən cavablar arasında ilk yeri – Rüşvətxorluq tutmuşdur (Dr. Mürteza Hasanoğlu, Ziya Aliyev 2007).
Rüşvətin vasitəçidən istifadə etməklə alınması vasitəçinin oynadığı rol və onun əməllərinin vurduğu zərər
Burada əsas məqsədimiz vasitəçinin törətdiyi əməlin Cinayət Qanununa görə tövsif edilməsinə münasibət bildirmək yox, vasitəçini qurban qismində önə verərək məsuliyyətdən yayınmağa və öz əməlini gizlətməyə çalışan vəzifəli şəxsin vasitəçinin biruzə verdiyi əlamətlər əsasında aşkara çıxarılması yollarını araşdırmaqdan ibarətdir.
Rüşvətalan Şəxs
Adətən vasitəçilər rüşvət alan vəzifəli şəxsin ya bilavasitə tabeliyində çalışan şəxslər (müavin, sürücü və s.) və ya onunla qohumluq, dostluq əlaqəsi olan şəxslər olur. Burada vasitəçinin rolu həm rüşvət verən, həm də rüşvət alan üçün mühüm əhəmiyyət kəsb edir. Rüşvət verən şəxs vasitəçiyə etibar edə bilməli və onun verilən pulu əmlakı və s., aidiyyatı üzrə çatdıracağına zəmanət verə bilən statusda olmalıdır. Rüşvət alan isə həmin şəxsin addımlarını bu və ya başqa formada nəzarətdə saxlaya bilməli, ona gərəkli təsir gücünə malik olmalıdır ki, rüşvət qismində alınan pul əşya və s., tam həcmdə onun sərəncamına təqdim edilsin.
Aşkar Etmə
Bəzi hallarda vasitəçi bir neçə nəfər olur və onlardan biri rüşvət verəni digəri isə alanı təmsil edir və ya tanıyır, onun etibarını qazanmış şəxsdir. Bəzən isə etibar və ünsiyyət yalnız vasitəçilər arasında olur, rüşvət alan və rüşvət verən bir-birlərini tanımır və birbaşa ünsiyyətdə olmurlar. Bu halda rüşvət alma və verməni aşkar etmək çox çətin olur.
Vəzifəli Şəxslərin Rüşvətalması
Son dövrlərdə çəkiliş aparılmaqla tutulan vəzifəli şəxslərin törətdikləri əməllərlə bağlı video süjetlərə diqqətlə fikir versək, bir çox hallarda rüşvət almanın mütəmadi xarakter daşıdığını və bu əməlin bilavasitə icrasının konkret vəzifəli şəxslərə tapşırıldığının şahidi olarıq.
Təkrarlanmayan Rüşvətverme
Bəzi hallarda isə rüşvət bir dəfəyə məxsus müəyyən bir məsələnin həlli məqsədi ilə verilir və heç bir halda təkrarlanan xarakter daşımır (misal: həyət evinin tikintisinə icazə alınması üçün).
Məhkəmə Təcrübəsi
Məhkəmə təcrübəsi göstərir ki, adətən müəyyən hüququnun həyata keçirilməsində problem yaşayan şəxs problemin həlli hansı vəzifəli şəxsin səlahiyyətinə aiddirsə, onunla ümumi bir tanış tapmağa və güvənli ünsiyyət kanalı yaratmağa çalışır. Adətən bu ümumi tanış da sonradan vasitəçi rolunu oynayır. Çünki hər iki tərəfin başlıca marağı ondan ibarət olur ki, bu məsələnin gizliliyi pozulmasın.
İkinci Şəxslər
Bir sıra hallarda vasitəçi qismində daha aşağı və bəzən də sıravi vəzifə tutan şəxslər çıxış edir. Bunların bəziləri rəhbər şəxslə qulluq mövqeyindən kənar ünsiyyətininin olması səbəbindən, bəziləri isə bilavasitə tabe olduğu vəzifəli şəxs(lər)ə necə bacarıqlı bir insan olduğunu göstərib müəyyən status və ya daha yuxarı vəzifə əldə etmək məqsədi ilə vasitəçi olmağa can atırlar.
Nəticə Etibarı İlə
Göründüyü kimi vasitəçidən istifadə etməklə rüşvət alınması rüşvəti alan şəxsin öz əməlini gizlətməsinə kömək etsə də cinayət əməlinin törədilməsində daha bir insanın iştirakını zəruri edir. Bu iştirak isə öz növbəsində əlavə izlərin və əlamətlərin yaranmasına səbəb olur.
Mobil Cihazların İzlənməsi
Bu maraqlı izlərdən biri mobil telefon və mobil nömrənin qoyduğu izlərdir. Belə ki, yazını hazırlayarkən mobil operatorlara ünvanladığımız sorğuda şəxsin istifadəsində olan mobil telefon və mobil nömrənin hansı baza stansiyasının əhatə dairəsində olmasını müəyyən etməyin mümkün olub-olmamasını və bu məlumatların əldə edilməsinin mümkün olub-olmamasını bildirməsini xahiş etmişdik. Verilən cavablara əsaslanaraq deyə bilərik ki, şəxsin istifadəsində olan nömrənin və telefonun əhatəsinə daxil olduğu baza stansiyasına əsasən müəyyən tarixdə vasitəçi və rüşvət verənin görüşməsini bir yerdə olmasını dolayı yolla sübut etmək mümkündür.
Görüşdən Sonra Atılan Addımlar
Misal: evin tikintisinə başlaması, özünün və ya ailə üzvünün hər hansı qurumda işə başlaması. Bu məqamlar müvafiq vəzifəli şəxsin anoloji dövrdə başqa şəxslərə həmin hüquqların verilməsindən imtina edilməsi ilə nəticələnmiş əməlləri ilə müqayisəli şəkildə araşdırıldıqda yol verilmiş qanun pozuntularının mənzərəsi daha dəqiq göz önünə çıxacaqdır.
Qeyri – Münasib Xərclər
Vasitəçilikdə diqqət çəkən digər bir məqam isə, çox da böyük səlahiyyətlərə malik olmayan, vəzifə maaşı orta aylıq əmək haqqı civarında olan şəxslərin qısa müddət ərzində, bahalı avtomobil və ya qiymətli zinət əşyaları alması, öz aylıq qazancına mütənasib olmayan xərcləmələr etməsidir ki, bu da əksər vaxtlar qısa müddət ərzində ətrafdakı vətəndaşların və eləcə də hüquq mühafizə orqanlarının diqqətini cəlb edir.
Hüquq Muhafizə Orqanları
Bu əlamətlər əsasında hüquq mühafizə orqanları vasitəçini və rüşvət alan şəxsi çox asanlıqla müəyyənləşdirə bilsələr də çox təəssüf ki, rüşvət verən şəxslərin müəyyənləşdirilməsində bu məlumatlar kifayət etmir. Növbəti yazılarımızda rüşvət vermənin də xüsusiyyətlərini araşdırmağa çalışacağıq.
Müəllif: Pərviz Məmmədov
Vəkillər Kollegiyasının üzvü
Hüquqşünas
………………………………..
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.