CİNAYƏT PROSESİNDƏ VƏSATƏTLƏR - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

CİNAYƏT PROSESİNDƏ VƏSATƏTLƏR

(CPM 121-ci maddənin şərhi)

Cinayət Prosessual Məcəlləsinin 121-ci maddəsi vəsatətlərin verilməsi və onlara baxılması qaydasını müəyyən edir. Hazırda formalaşmış məhkəmə praktikası bu maddəyə ziddir. Məhkəmələr 1-ci instansiyada işə baxarkən hazırlıq mərhələsində müdafiə tərəfinin vəsatətlərini bu maddəyə əsaslanaraq baxılmamış saxlayır və bununla bütün müdafiə fəaliyyətini iflic vəziyyətinə salır. Bu baxımdan maddənin geniş şərhinə ehtiyac yaranmışdır.

 

İlk növbədə onu qeyd etmək lazımdır ki, bu maddə CPM-nin “Cinayət prosesində iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi” adlanan XIII fəslində öz əksini tapmışdır.

Fəslin adı bizə onu deməyə əsas verir ki, vəsatət və xahişlərə baxılması cinayət rosesində iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi imkanı olaraq təsbit edilmişdir. Dolayısı ilə vəsatət və xahişlərin qəbulu baxılması və onlar barədə qərarın verilməsində hər hansı məhdudiyyətlər vətəndaşların bu sahədə hüquqlarının təmin edilməsinə problem yarada bilər.

Bunun məntiqi ardıcıllığı olaraq deyə bilərik ki, 121-ci maddənin adında MƏCBURİLİK anlayışından istifadə edilməsi də fəslin adında qeyd edilən hüquqi təminatların daha da möhkəmləndirilməsinə xidmət edir.

Öncə 121-ci maddənin sturukturunu təhlil edək. Maddə 3 bənddən ibarətdir:

Vəsatətin qəbulunubaxılmasını tənzimləyən 121.1-ci bənd bu bənd öz növbəsində 4 yarımbənd olaraq formalaşdırılmışdır.

  • Vəsatət barədə qəbul edilmiş qərarın məzmununa dair tələbləri və rədd edilməsinə yol verilməyən vəsatətlərin dairəsini müəyyən edən 121.2-ci bənd;
  • Vəsatətin təkrar verilməsi qaydasını təsbit edən 121.3-cü bənd;
  • Maddənin məzmununu şərh etməzdən öncə qeyd etməliyik ki, CPM-də vəsatətlərin şifahi və yazılı verilməsi imkanı nəzərdə tutulmuşdur.

 

121.1. Cinayət prosesini həyata keçirən orqan aşağıdakıları yerinə yetirməlidir:

Cinayət prosesini həyata keçirən orqan CPM-də müəyyən edilmiş bir anlayışdır və burada bütün təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr əhatə olunur. Məzmundan da göründüyü kimi norma imperativdir yəni bütün bu orqanlar üçün məcburi xarakter daşıyır.

121.1.1. istintaq və ya digər prosessual hərəkət aparılan zaman cinayət prosesi tərəflərinin verdikləri vəsatətləri, habelə cinayət prosesində iştirak edən digər şəxslərin xahişlərini bu hərəkətlərin (məhkəmə iclasının) protokoluna daxil etmək;

Bu yarımbənddə aşağıdakı sualların cavablarını tapa bilirik,

Vəsatəti nə zaman vermək olar?

  • İstintaq hərəkətləri zamanı
  • Digər prosessual hərəkətlər aparılan zaman
  • Məhkəmə iclasının gedişində

Vəsatəti kimlər verə bilər?

  • İttiham tərəfi
    • Prokuror
    • Müstəntiq
    • Təhqiqatçı
    • Zərərçəkmiş şəxs
    • Xüsusi ittihamçı
    • Mülki iddiaçı

  • Müdafiə tərəfi
    • Şübhəli şəxs
    • Təqsirləndirilən şəxs
    • Müdafiəçi
    • Mülki cavabdeh

Xahişləri kim edə bilər?

  • Şahid
  • Hal şahidi
  • Mütəxəssis
  • Ekspert
  • Tərcüməçi
  • İclas katibi

Xahişi və vəsatəti alan orqan onu müvafiq olaraq istintaq hərəkətinin və məhkəmə iclasının protokoluna daxil etməlidir.

121.1.2. cinayət təqibi üzrə icraatın materiallarına cinayət prosesi tərəflərinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin yazılı vəsatətlərini və xahişlərini əlavə etmək;

Bu yarımbəndi təhlil edərkən isə aydın olur ki, həm cinayət prosesi tərəfləri həm də cinayət prosesində iştirak edən digər şəxslər həm vəsatət həm də xahişlə çıxış etmək hüququna malikdir.

Eyni bəndin 2 yarımbəndi arasında belə bir ziddiyyət olması çox narahat edici məqamdır.

Bu yarımbənddən aydın olur ki, verilən yazılı vəsatət və xahişlər icraat materiallarına əlavə edilməlidir. Dolayısı ilə gələcəkdə siz həmin vəsatəti verdiyinizi sübut etmək problemi ilə üz-üzə qalmayacaqsız.

121.1.3. bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq (vəsatətin həll olunması cinayət prosesini həyata keçirən orqan tərəfindən vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli hallar müəyyən edilənədək təxirə salına bilər; bu Məcəllədə nəzərdə tutulmuş hallarda vəsatətin vaxtında verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur);

 

Yarımbəndin məzmunundan da göründüyü kimi, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxılmalıdır və qərar qəbul edilməlidir. Lakin burada müəyyən istisnalar var

Vəsatətin həll olunmasının təxirə salınması  – Əgər vəsatət verilmiş orqan hesab etsə ki, bu vəsatətin həll edilməsi üçün əhəmiyyətli halların hamısı və ya bir qismi gələcəkdə müəyyən ediləcək o zaman vəsatətin baxılmasını təxirə sala bilər.

Lakin bu əhəmiyyətli halların nə olması hansı kriteriyalara cavab verməli olması barədə qanunda heç bir müddəa yoxdur. Bu problemi həll etmək üçün yorum ilkələrinə müraciət edəcəyik:

General dictum generaliter est interpretandum – Ümumi qayda geniş mənada şərh olunur

Yəni burada ümumi qayda vəsatətin verilməsi və ona dərhal baxılmasını tələb etmək hüququdur və bu hüquq vətəndaşa məxsusdur. Vəsatəti verməyə və baxılmasını tələb etməyə görə vətəndaşdan hər hansı halın sübuta yetirilməsi tələb edilmir.

 

Exceptiones sunt strictissime interpretatioinis  – İstisnalar dar mənada şərh olunmalıdır.

Məhkəmə vəsatətə baxılmasını təxirə salmaq üçün əhəmiyyətli halın nədən ibarət olmasını və gələcəkdə nə zaman müəyyən ediləcəyini əsaslandırmalıdır və bu əsaslandırma obyektiv mövqedə dayanan hər kəs üçün aydın olmalıdır.

Vəsatətin baxılmamış saxlanılmasıəgər vəsatət qəbul etmiş orqan hesab etsə ki, bu vəsatət daha əvvəl verilməli idi indi həmin vəsatətin baxılması üçün artıq gecdir vəsatət baxlmamış saxlanılır.

 

Dolayısı ilə hazırda məhkəmələrdə formalaşmış baxılmamış saxlamanın əsaslandırılması və sonradan həmin vəsatətə baxılması praktikası CPM-in bu hissəsinə ziddir.

121.2. Vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.

 

CPM-in bu hissəsində ilk cümlə kifayət qədər aydın yazılmışdır və burada sadəcə Generalis regula generaliter est intelligenda qaydasını xatırlatmaqla kifayətlənirik.

Əsas maraq kəsb edən hissə ikinci cümlədir. Burada qanunverici rədd edilməsi qadağan edilmiş vəsatət və xahişlərin dairəsini müəyyən etmişdir. Hesab edirik ki, bununla da hakimiyyət bölgüsü prinsipini pozmuşdur. Məhkəmənin mühakimə edib qərar qəbul etmək imkanı əlindən alınmışdır.

Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət

Burada bir neçə anlayış istifadə edilmişdir ki hesab edirik qanunverciliyin düzgün tətbiqi baxımından bu anlayışların araşdırılmasına ehtiyac var.

Bütün hallar- bu anlayış 18 dəfə istifadə edilir ümumilikdə Cinayət Prosessual Məcəlləsində gördüyümüz kimi çox geniş bir anlayışdır. Hesab edirik ki, burada bütün hallar ifadəsini ən geniş formada əhatə edən norma Cinayət Prosessual Məcəlləsinin 346.1-ci maddəsidir. Burada əhatə olunan məsələləri bütün hallar kimi qəbul edib öz vəsatətimizi buna uyğun əsaslandıra bilərik.

Hərtərəfli, tam və obyektiv araşdırma anlayışını isə hesab edirik ki indiki mərhələdə çox ətraflı şərh etməyə zərurət yoxdur.

Burada pozulmuş hüquqlar və qanuni mənafelər anlayışlarını şərh etməyi də vacib hesab edirik.

Pozulmuş hüquqlar – bu ifadə CPM-də 6 dəfə istifadə edilmişdir. Bu 6 normanı ümumilikdə təhlil etdikdə həm Prosessual qanunvericilikdə təsbit edilmiş hüquqların həm də Konstitusion hüquqların pozulmasını əhatə etdiyini görürük (CPM 36, 451,).  Deməli bu anlayış geniş mənada istifadə edilir.

Qanuni mənafelər – izahlı lüğətdə mənafe sözünün ərəb mənşəli olması və mənfəət sözünün cəm halı olması göstərilir. Mənanı təhlil etdikdə təkcə maddi faydanı deyil həm də qeyri-maddi faydaları əhatə etdiyini görürük. Dolayısı ilə mənafe özlüyündü bütün maddi və qeyr-maddi aktivləri, faydanı əhatə edə bilir. Yeganə tələb bu mənafenin qanuni olmasıdır.

Bu yuxarıda qeyd edilən 2 anlayışı bir vəsatətdə yanyana gətirib əsaslandırdığımız halda məhkəmənin vəsatəti rədd etmək səlahiyyətinin olmadığını və vəsatətin mütləq qaydada təmin edilməli olduğunu deyə bilərik.

 

121.3. Vəsatətin və ya xahişin rədd edilməsi onların cinayət prosesinin sonrakı mərhələlərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatət və ya xahişlə təkrar müraciətinə mane olmur. Vəsatətin və xahişin digər hallarda təkrar verilməsi yeni dəlil gətirildikdə və ya cinayət prosesinin gedişində onların təmin edilməsinin zəruriliyi təsdiq olunduqda mümkündür.

Bu hissədə vəsatət və xahişlərin təkrar verilməsi qaydası və şərtləri müəyyən edilir.

Təkrar vəsatətlə müraciət üçün iki imkan nəzərdə tutulur

Prosesin sonrakı mərhləsində – burada qeyd olunmalıdır ki, prosesin hansı mərhələlərdən ibarət olduğu CPM-in məzmunundan aydın olmur. Məcəllədə 11 dəfə fərqli kontekstdə mərhələ sözü istifadə olunur və bunların bəzlilər aşağıdakılardır:

  1. cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsi
  2. ibtidai istintaq mərhələsi
  3. məhkəməyədək icraat mərhələsi
  4. məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə
  5. ibtidai istintaqın bütün mərhələlərində
  6. məhkəmə baxışı mərhələsində

Bu halları müqayisə etdikdə belə qənaətə gəlirik ki, cinayət təqibi üzrə icraatın məhkəməyədək bir neçə mərhələsi olur, ibtidai istintaq bir mərhələdir, məhkəməyədək icraat bir mərhələdir, məhkəmənin hazırlıq iclası ayrı baxış ayrı mərhələdir, ibtidai istintaqın bir neçə mərhələsi var. Bu normalara istinad edib hər sonrakı mərhələdə vəsatət vermək mümkündür.

Bu da mərhələ anlayışının əslində müdafiə tərəfinə və ya təkrar vəsatət verən iştirakçıya geniş imkanların olmasını göstərir.

 

Digər orqana müraciət  – bu ifadəni hesab edirik ki, geniş şərh etməyə ehtiyac yoxdur. CPM 7.0.5 aydın izah edir  (icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr)

Bizimlə əlaqə üçün: 050 224 85 05