İşəgötürən tərəfindən əmək müqaviləsinə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi yol verilməzdir! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

İşəgötürən tərəfindən əmək müqaviləsinə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi yol verilməzdir!

Konstitusiyanın 35-ci maddəsinin II hissəsinə əsasən,  Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Konstitusiyanın 35-ci maddəsinin III hissəsinə əsasən,  Heç kəs zorla işlədilə bilməz.

Konstitusiyanın 35-ci maddəsinin IV hissəsinə əsasən, Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

 Göründüyü kimi, əmək hüquqlarına aid olan əsas prinsiplər Konstitusiya ilə tənzimlənir. Eyni zamanda əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini Əmək Məcəlləsi müəyyən edir.

Yuxarıda qeyd etdiyimiz prinsip və qaydalara uyğun olaraq işçi və işəgötürənin qarışılıqlı razılığı əsasında tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi məqsədi ilə əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində əmək münasibətlərindən irəli gələrək tərəflərin qarışılıqlı öhdəlikləri göstərilməlidir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Buna görə də, əmək müqaviləsinə işəgötürən tərəfindən işçinin hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsinə yol verilmir. Belə ki, işəgötürən tərəfindən işçinin  müqaviləsinə müəyyən müddət məcburi işləmə öhdəliyinin qoyulması bir başa olaraq qeyd etdiyimiz əmək qanunvericiliyin prinsipinə ziddir.

İşçinin yuxarıda qeyd olunan konstitusion hüquqlarına və Əmək Məcəlləsinin prinsiplərinə müvafiq olaraq, əmək müqaviləsinin yaranması, dəyişdirilməsi və xitamı qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci və ikinci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məcəllənin qeyd edilən maddəsindən də göründüyü kimi, qanunvericilik işçinin mənafeyini əsas götürərək, xəbərdarlıq müddətininə riayət etməklə, ona  istənilən vaxtda əmək müqaviləsinin xitamını həyata keçirməyə imkan verir. Eyni zamanda, İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər

Bu maddələrdən də göründüyü kimi, işəgötürənin işçininin əmək müqaviləsində müəyyən müddətə məcburi işləmə öhdəliyi əlavə etməsi işçinin əmək müqaviləsinə xitam vermək hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Bu da bir başa olaraq əmək qanunvericiliyinin tələblərinin pozulması hesab olunur.

Qeyd edilən məsələlər, işəgötürən tərəfindən işçiyə borcun verilməsi və borcun qaytarılması əmək qanunvericiliyi ilə tənzimlənməsə də, Mülki Məcəllə ilə tənzimlənir. Əmək qanunvericiliyindən fərqli olaraq, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Belə ki, tərflər razılığa gəlinən şərtlər əsasında azad surətdə müqavilə bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.

Günümüzdə tərəflər arasında ən çox bağlanan borc  müqaviləsi zamanı qanunvericilik kreditorun mənafeyini təmin etmək, onun tərəfindən verilən borcun qaytarılmasını tənzimləmək üçün qaydalar müəyyən edir. Belə ki, borc müqaviləsi yazılı və şifahi qaydada bağlanıla bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin predmeti pul tələbi olduğuna görə, o, kredit müqaviləsi hesab olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi qanunvericiliyə uyğun şəkildə bağlanılmış müqavilə əsasında borc öhdəliyinin təminat üsullarını müəyyən edir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

 

Girov və ipoteka girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka müqaviləsi yazılı qaydada bağlanmalıdır. Ipoteka müqaviləsi həmçinin notarial qaydada təsdiqlənməlidir. Belə ki, ipoteka predmetinə daşınmaz əşya, rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydiyyata alınan daşınar əşya ola bilər. Girovun predmetinə isə, daşınar əşyalar aid edilir. Müqavilənin predmetindən asılı olaraq,  girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi müəyyən müddət ərzində icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı əldə etsin.

Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin etibarlı hesab edilməsi üçün yazılı formada bağlanmalıdır. Müqavilə əsasında borclu öhdəliyi yerinə yetirmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, işəgötürən tərəfindən əmək müqaviləsinə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi yol verilməzdir. Tərəflər mülki qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə müqavilənin şərtlərini eləcə də, öhdəliyin təminat üsullarını müəyyən edə bilərlər.