İşçi ilə xidmət müqaviləsi bağlanarsa, yarana biləcək problemlər - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

İşçi ilə xidmət müqaviləsi bağlanarsa, yarana biləcək problemlər

Xidmət müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir və sifarişçi ilə icraçı arasında qarşılıqlı razılıq əsasında xidmət haqqı müəyyənləşdirilməklə konkret xidmətlərin, işlərin görülməsi məqsədi ilə bağlanır. Xidmət müqaviləsi mülki qanunvericiliklə tənzimləndiyinə görə müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanılır və tərəflər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən,  müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Bu ona əsas gətirir ki, icraçıya ödənilən xidmət haqqı, icraçı tərəfindən görülən xidmətlər, tərəflərin məsuliyyəti, xidmətin yerinə yetirilməsi üçün nəzərdə tutulan müddət və digər öhdəliklər tərəflərin qarışıqlı razılığı əsasında həyata keçirilir.

Təcrübədə tərəflər arasında əmək münasibətlərinin olmasına baxmayaraq, işəgötürən və işçi arasında xidmət müqaviləsinin imzalandığı hallara rast gəlirik. Buna əsas səbəb, Vergi və DSMF xərclərinin optimallaşdırılmasıdır. Əmək müqaviləsi bağlanması qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Buna görə də, əmək müqaviləsinə işəgötürən tərəfindən işçinin hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsinə yol verilmir. Əmək müqaviləsinin yaranması, dəyişdiriliməsi, xitamı qaydaları, Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən normaları eyni zamanda işçilərin sosial təminatları əmək və sosial sığorta qanunvericiliyi ilə müəyyənləşir.

 Digər tərəfdən, işəgötürən əmək qanunvericiliyi əsasında onun üzərinə qoyulan öhdəlikləri minimallaşdırmaq, sosial sığorta haqqlarından, işçiyə verməli olduğu təminatlardan yayınmaq məqsədi ilə işçi ilə xidmət müqaviləsi bağlayır. Belə ki, “Sosial Sığorta haqqında” qanuna görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Tərəflər arasında xidmət müqaviləsinin bağlandığı hallarda isə, yalnız sığortaolunan-icraçı kimi çıxış edən tərəfdən sosial sığorta haqqı tutulur.

Əmək müqaviləsi bağlanarkən, işəgötürən tərəfindən Vergi Məcəlləsi müəyyən edilmiş qaydada işçiyə verilən aylıq əmək haqqından asılı olaraq hesablanan gəlir vergisi ödənildiyi halda, xidmət müqaviləsi bağlanarkən isə verginin ödənilməsi fiziki şəxslərdən sadələşdirilmiş vergi üzrə olan ödənişlər əsasında həyata keçirilir.

Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi yolverilməzdir. Qeyd edilən maddəyə işçinin vəzifəsi, işlədiyi sahədən asılı olmayaraq əməl edilməlidir. Bu qaydaya riayət edilmədiyi təqdirdə işəgötürən inzibati, vergi və ya əmək qanunvericiliklərinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Belə ki;

  • İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir
  • Cinayət Məcələsinin 162-1.1 və 162.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ikiilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

162-1. Eyni əməllər təkrar törədildikdə —üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

  • Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə  birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Göründüyü kimi, xadimə, sürücü və digər bu kimi oxşar xidmətləri yerinə yetirən işçilərlə eləcə də, digər peşə sahibləri ilə işəgötürən arasında əmək münasibətlərinin olmasına baxmayaraq, xidmət müqaviləsinin bağlanması işəgötürən üçün yuxarıda qeyd edilən risklər yaradaraq məsuliyyətə səbəb olur.

Sualınız var?