FINTECH ŞİRKƏTLƏRİ ÜÇÜN QANUNİ TEST REJİMİ | Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

FINTECH ŞİRKƏTLƏRİ ÜÇÜN QANUNİ TEST REJİMİ

Son dövrlərdə fintech şirkətlərinin maliyyə sektorunda rolu artmağa başlamışdır. Bu şirkətlərin təqdim etdiyi xidmətlər sayəsində istehlakçılar mobil ödəniş platformalarından, elektron ödəniş sistemlərindən asanlıqla maliyyə əməliyyatlarını həyata keçirə bilirlər. Məsələn,

  • Mobil cüzdanlar (ApplePay, GooglePay) vasitəsilə istehlakçılar bank kartları və digər ödəniş vasitələri məlumatlarını bir cihazda toplaya və istənilən yerdə asan yolla ödəniş edə bilərlər;
  • Onlayn ticarət saytları və elektronik alış-veriş platformalarında istifadəçilər kart məlumatlarını daxil etmədən rahat şəkildə ödənişi həyata keçirir (PayPal);
  • Kassasız alış-veriş təcrübəsi və s.

Bəs fintechlər tərəfindən təklif edilən innovativ məhsulların sınaqdan keçirilməsi üçün hansı tədbirlər həyata keçirilir?

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən, Mərkəzi Bank maliyyə bazarlarında innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi məqsədilə xüsusi tənzimləmə rejimi tətbiq edə bilər.

Məsələn, bir fintech şirkəti tərəfindən mobil ödəniş platforması təklif edilir. Bu platforma sayəsində istifadəçilər aldıqları məhsulların və göstərilən xidmətlərin ödənişini ödəyə bilirlər. Amma bu mobil ödəniş platforması (qanunda innovativ məhsul və xidmət anlayışına aiddir) Mərkəzi Bank tərəfindən sınaqdan keçirilə və xüsusi tənzimləmə rejimi tətbiq edilə bilər.

Tətbiq edilən sınaq proseduru xüsusi tənzimləmə rejiminin bir hissəsidir. Sınaq müddəti ərzində Mərkəzi Bank tərəfindən məsələn, təklif olunan mobil ödəniş platformasının işləkliyi, istehlakçılarının dairəsi, ödəniş əməliyyatlarının aparılması qaydaları və s. yoxlanıla bilər. Sınaq müddəti maksimum 5 il olaraq müəyyənləşdirilmişdir.

Məhsul və ya xidmətdə boşluq aşkar edildiyi təqdirdə, Mərkəzi Bank tərəfindən müvafiq təkliflər verilir. Xüsusi tənzimləmə rejiminə xitam verildiyi halda belə rejimin iştirakçısı (bizim keysimizdə mobil ödəniş platformasını təklif edən fintech şirkəti) tərəfindən yerinə yetirilməli olan öhdəliyə xitam verilmir.

Xüsusi tənzimləmə rejimi nə üçün tətbiq edilir?

  • Təhlükəsizliyin təmin edilməsi: Məsələn, təklif edilən mobil ödəniş platformasından istifadə zamanı istehlakçıların şəxsi və ailə hüquqlarına hörmət edilməsi, şəxsi məlumatlarının yayılmasının qarşısının alınması;
  • Kart dələduzluğu: Məsələn, mobil ödəniş platformasında qanunsuz olaraq kart məlumatlarının saxlanılması və işlənilməsinin qarşısının alınması;
  • İstehlakçılarının maraqlarının müdafiə olunması; (qanunun 50.2.2-ci maddəsində xüsusi tənzimləmə rejiminin həyata keçirildiyi zaman riayət edilməli olan prinsiplərdən biri kimi xüsusi tənzimləmə rejiminin iştirakçısı tərəfindən istehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin edilməsi göstərilmişdir.)
  • Anti-diskriminasiya tədbirləri ( qanunun 50.2.1-ci maddəsində xüsusi tənzimləmə rejiminin həyata keçirildiyi zaman riayət edilməli olan prinsiplərdən biri kimi xüsusi tənzimləmə rejimində bərabər iştirakın təmin edilməsi göstərilmişdir.)
  • Risklərin idarə edilməsi və s.

 

#fintech #lawyer #law #googlepay #paypal

Bizimlə əlaqə üçün: 050 224 85 05