FAYDALI QAZINTI YATAQLARI HƏRRACA ÇIXARILACAQ! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

FAYDALI QAZINTI YATAQLARI HƏRRACA ÇIXARILACAQ!

Hazırda qeyri-neft sektorunda inkişafa nail olunması üçün qanunvericiliyin təkminləşdirilməsi istiqamətində müsbət yönümlü addımlar atılır. Belə ki, yer təkindən istifadənin səmərəliliyinin təmin edilməsi, istifadəçilərin bu sahədə giriş imkanlarının daha da asanlaşdırılması üçün “Yerin təkindən istifadənin dövlət tənzimləməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişikliklər edilmişdir.

Qanunvericiliyə edilmiş dəyişikliklərin bu sahədə fəaliyyət göstərən iş adamları üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onlar tərəfindən ünvanlana biləcək sualları diqqətinizə çatdırırıq:

Hərraclar (auksion və müsabiqələr) hansı dövlət orqanını tərəfindən həyata keçirilir?

Bu sahədə tənzimləyici orqan dəyişdirilərək hərracların (auksion və müsabiqələrin) keçirilməsi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə həvalə edilmişdir.  Belə ki, əvvəllər yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərraclar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilirdi.

Hazırda Agentlik hərracın keçirilməsi üçün yerin təki sahələrinin hazırlanmasını təmin edir. Daha sonra yer təkindən istifadə ilə bağlı hərracın keçirilməsinə dair elanı hazırlayır və hərracın keçiriləcəyi tarixdən azı 30 (otuz) iş günü əvvəl media vasitəsilə (qapalı müsabiqə keçirildiyi hallar istisna olmaqla) yayılmasını, Nazirliyin və Agentliyin rəsmi internet səhifələrində yerləşdirilməsini təmin edir.  Həmçinin hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər tərəfindən ünvanlanmış ərizələrin qəbulunu həyata keçirir.

Agentlik barədə ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://eco.gov.az/index.php?pg=630

Hərraclar hansı formalarda təşkil edilir?

Azərbaycan Respublikası ərazisində yerləşən qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə verilir. Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən müsabiqə açıq və ya qapalı, auksion isə açıq elan olunur. Açıq müsabiqədə və auksionda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər.  Qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Ümumilikdə, auksion və müsabiqənin keçirilməsi qaydaları qanunvericilikdə ayrı-ayrılıqda tənzimlənir. Əlavə olaraq qeyd edək ki, yer təkindən istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində cəza tədbirləri nəzərdə tutulmuşdur.

İnzibati Xətalar Məcəlləsinin 243-cü maddəsinə əsasən, yer təkindən istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. 

Cinayət Məcəlləsinin 255-ci maddəsinə əsasən isə, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, müsabiqə və auksion şərtləri, təqdim edilməli olunan sənədlər və prosedur qaydaları barədə ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola və ya suallarınızı bizə ünvanlaya bilərsiniz:  https://e-qanun.az/framework/2379#_edn3

Bizimlə əlaqə üçün: 050 224 85 05