BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY ALİ MƏHKƏMƏYƏ TƏQDİM EDİLMİŞDİR! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

BARIŞIQ SAZİŞİ BARƏDƏ HÜQUQİ RƏY ALİ MƏHKƏMƏYƏ TƏQDİM EDİLMİŞDİR!

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin I bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, hər kəs öz hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və öz hüququnun müdafiəsinə nail olmaq imkanına malik olmalıdır.

Hüquqların məhkəmədə müdafiəsi istiqamətlərindən biri də mülki məhkəmə icraatıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.

Mülki mühakimə icraatında iş adətən aşağıdakı üç qərardan birinin qəbul edilməsi ilə nəticələnir:

  • İddianın təmin olunması
  • İddianın rədd olunması
  • Tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qərarı ilə təsdiq olunması

 

İddia təmin olunduğu halda – məhkəmə belə qərara gəlir ki, iddiaçı haqlıdır. Onun hüquqları azadlıqları və ya qanuni maraqları pozulmuş və ya zərərə uğramışdır və ədalətin bərpası üçün iddiaçının xeyrinə qərar qəbul edilməlidir.

İddia rədd olunduğu halda – məhkəmə belə qərara gəlir ki, iddiaçı haqsızdır. Onun hüquq azadlıq və ya qanuni maraqları cavabdeh tərəfindən pozulmamış və ya zərərə uğramamışdır.

Barışıq sazişinin məhkəmə qərarı ilə təsdiq olunduğu halda isə – məhkəmə yalnız iki məqamı araşdırır. Hansı ki bu hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilmişdir. Həmin maddəyə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

Barışıq sözü latıncada “amīcābilis” sözündən gəlir və mənası “dost” deməkdir. Barışıq sazişi ilə tərəflər aralarındakı hüquqi münasibətdən yaranan mübahisəyə son qoymaq və fikir ayrılıqlarını həll etmək naminə bir-birilərinə güzəştə getməyə hazır olurlar.

Qeyd etmək lazımdır ki, qanunvericilik məhkəmə mübahisəyə baxarkən “tərəflər artıq mübahisənin məhkəmə qaydasından həlli yolunu seçiblər və bu məsələnin həlli də məhkəmənin inhisarında olmalıdır” mövqeyindən çıxış etmir. Buna görə də, tərəflər əgər öz aralarındakı mübahisəni yeni bir mülki hüquqi əqdin bağlanması ilə həll etmək istəyirlərsə, onlara bunun üçün tam hüquqi imkan verilir.

Bu imkan həmçinin dispozitivlik prinsipinin də mahiyyətindən irəli gəlir ki, iddiaçı işin istənilən mərhələsində iddianın baxılmamış saxlanılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Buradan da göründüyü kimi, tərəflər əgər mübahisəni hər hansı mülki hüquqi əqd bağlayaraq başa çatdırmaq istəyirlərsə, onlar bunu etmək üçün bütün imkanlara malikdirlər.

Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsində məhkəmə baxışının barışıq sazişi ilə tamamlanması ifadəsindən istifadə edilir. Bu isə o deməkdir ki, tərəflər bu yolu seçməklə məhkəmə baxışını tamamlamağı və bunu barışıq sazişi bağlanması və onun məhz məhkəmə tərəfindən təsdiq edilməsini arzu edirlər. Belə olan halda isə, mülki hüquqi əqdlərə məxsus olan etibarsızlıq əlamətindən söhbət gedə bilməz.

Necə ki, iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi yalnız Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada mübahisələndirilə bilirsə, məhkəmə baxışının tamamlanmasının üçüncü istiqaməti olan barışıq sazişi bağlamaqla tamamlanma da yalnız MPM-də nəzərdə tutulmuş qaydada mübahisələndirilə bilər.

Bizimlə əlaqə üçün :  +994 50 224 85 05