HAKİM VƏSATƏTİ BAXILMAMIŞ SAXLAYA BİLMƏZ! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

HAKİM VƏSATƏTİ BAXILMAMIŞ SAXLAYA BİLMƏZ!

Hüquqşünas olmayan oxucularımız üçün qeyd edək ki, cinayət törətmiş və ya törətməkdə təqsirləndirilən vətəndaşımıza qarşı ədalət mühakiməsinin həyata keçirilməsi üçün əvvəlcə ibtidai istintaq aparılır.

Polis, Prokurorluq və digər təhqiqat-istintaq səlahiyyətlərinə malik olan orqanlar vətəndaş barəsində cinayət işi başlayaraq sübutların toplanılmasını toplanmış sübutların qiymətləndirilməsini və şəxsin törətmiş olduğu əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hansı maddəyə uyğun tövsif edilməsini həyata keçirir.

Bu mərhələdə istintaq orqanı çalışır ki, barəsində cinayət işi açmış olduğu şəxsin işini məhkəməyə göndərsin və məhkəmədə həmin şəxs ittiham hökmü ilə cəza alsın. Bu məqsədə nail olmaq üçün bəzən istintaqı aparan vəzifəli şəxslər tərəfindən müəyyən prosessual pozuntulara yol verilir, təqsirləndirilən yəni barəsində cinayət işi qaldırılmış şəxsin hüquqlarına qanunsuz müdaxilə və məhdudiyyətlər tətbiq edilir.

Bu mərhələdə praktika göstərir ki, vəkil tərəfindən pozuntuların aradan qaldırılması barədə verilən vəsatətlər adətən rədd edilir və bəzi çox kobud pozuntular istisna olmaqla heç bir düzəliş və ya güzəşt edilmir.

Vəkillər bu pozuntuları qeydiyyata alaraq və sübutlarını toplayaraq işin məhkəmədə baxıldığı zaman öz vəsatətləri ilə aradan qaldırmağa və təqsirləndirilən şəxsin xeyrinə istifadə etməyə çalışırlar.

Məhkəmə baxışı zamanı əslində təqsirlənidirilən şəxsin müdafiəsi üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə çox geniş imkanlar nəzərdə tutulur. Lakin burada da həmin Məcəllənin məhkəmələr tərəfindən çox dar və hətta hərfi mənada şərhi və tətbiqi vətəndaşın bütün hüquqi müdafiə imkanlarını əlindən almış olur.

Belə ki, vəkillər tərəfindən hazırlıq iclası zamanı iş üzrə icraata xitam verilməsi, hansısa şahid ifadələrinin iş materiallarından xaric edilməsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmaqla əldə edilmiş sübutların sübut siyahısından çıxarılması barədə vəsatətləri qanunsuz olaraq hakimlər tərəfindən baxılmamış saxlanılır. Bu halı hakimlər belə əsaslandırmağa çalışırlar ki, işin hazırkı mərhələsində hakim bilə bilmir ki, hansı sübut iş üçün hansı əhəmiyyətə malikdir və eləcə də, o sübut necə əldə edilib.

Halbuki bu yanaşma həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə ziddir.

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin I bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin I bəndinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II bəndinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin III bəndinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin IV bəndinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

Bu normaların məzmunundan da göründüyü kimi, şəxsin barəsində cinayət işinin açılması, onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, hətta ibtidai istintaqın yekunlaşaraq ittiham aktı çıxarılması halında belə o hələ təqsirsiz sayılır.

O zaman sual yaranır işə hələ mahiyyəti üzrə baxmağa başlamamış hakim bu vəsatətlərə necə münasibət bildirməlidir?

Hesab edirik ki, CPM-in aşağıdakı normaları bizim bu sualımıza çox dolğun və ətraflı cavab verir.

  • İş məhkəməyə daxil olduqda cinayət işinin bütün materialları hakimə təqdim edilir (CPM 298.1). Yəni hakimin işə daxil olan bütün sənədlərə əşyalara maddi sübutlara və s. əlçatımlılığı təmin edilir.
  • Hakim işin həcminin böyük olub olmamasını işə baxışın xüsusi ilə mürəkkəb olub olmadığını müəyyənləşdirməlidir, çünki bunları bilməsə, hazırlıq iclasını işin məhkəməyə daxil olmasından sonra 15 gün yoxsa 30 gün müddətində təyin edəcəyini bilməlidir. (CPM 298.2.1).
  • Hakim ona daxil olmuş sənədləri (prosessual sənədlər – ərizə, şikayət, protest, vəsatət, etiraz, bildiriş, çağırış vərəqəsi, rəy, ekspert rəyi, qərar, hökm və bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada məhkəmə və ya cinayət prosesinin iştirakçıları tərəfindən tərtib edilən digər sənədlər.) o cümlədən cinayət prosesinin tərəflərindən daxil olmuş əlavə sənədləri vəsatət və ərizələri öyrənir (CPM 298.5)

Hakim Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar məhkəmənin hazırlıq iclasının keçirilməsi müddəti uzadıldıqda, məhkəmə hazırlıq iclasına qədər bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğunu araşdıraraq, həbs və ya ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar qəbul edir ( CPM 298.6).

Yuxarıdakı maddələrin təhlilindən göründüyü kimi, hakim hazırlıq iclasını təyin edənədək artıq yuxarıda qeyd etdiyimiz vəsatətlərin əsaslı olub-olmadığını biləcək qədər işi öyrənir və iş barədə məlumata sahib olur. Hətta işi həbsin ev dustqalığının və ya digər qətimkan tədbirinin əsaslılığı baxımından da təhlil edib araşdırır və həbsin əsaslı olub olmaması barədə qənaət sahibi olur.

Növbəti vacib mərhələ olan məhkəmənin hazırlıq iclasını keçirmək üçün hakimin hansı halları bilməli və araşdırmalı olduğunu nəzərdən keçirsək, hansı ki bu məqamlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299-cu maddəsi ilə çox geniş və ətraflı tənzimlənmişdir:

  • Hakim daxil olmuş cinayət işinin ona aid olub-olmamasına qərar verəcək qədər iş barədə məlumat sahibi olmalıdır. (CPM 299.3.1).
  • Aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxıb qərar verəcək qədər işi bilməlidir. (CPM 299.3.2)
  • Cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə qərar qəbul edəcək qədər işi bilməlidir. (CPM 299.3.4)

Bu baxımdan CPM-in 299.4-cü maddəsi də çox mühüm əhəmiyyət kəsb edir. Həmin maddəyə əsasən, hakim aşağıdakı məsələləri həll edəcək qədər işi bilməlidir:

  • verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi (CPM 299.4.1)
  • ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutlar siyahısı barədə (CPM 299.4.2)
  • məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə (299.4.3)
  • müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin sonrakı hərəkəti barədə (299.4.4.)

Yuxarıda qeyd edilən normaları müqayisəli şəkildə təhlil edərək hətta belə bir nəticəyə gəlmək olar ki, əslində hakim işi məhkəmə baxışına təyin edərkən ən azı müdafiəçi və istintaqı aparmış müstəntiq qədər dərindən öyrənməli və təhlil etməlidir. Çünki yuxarıda sadaladığımız halların məcmusu hakimə imkan verəcək ki, o ədalətli qərar qəbul etsin.

Göründüyü kimi hakimin “mən hələ işin halları ilə sübutların əldə edilmə şəraiti və rəsmiləşdirilməsi zamanı yol verilən qüsurlardan məlumatsızam” deməsi üçün heç bir əsas yoxdur, əksinə hakimin bunu deməsi onun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərini pozduğunu etiraf etməsi deməkdir.

Bizimlə əlaqə üçün :  +994 50 224 85 05