Antenn dairəsi məlumatları vəkillərə verilirmi? - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Antenn dairəsi məlumatları vəkillərə verilirmi?

Bir çox cinayət işlərində xüsusi ilə narkotik maddələrin satışı ilə bağlı işlərdə təqsirləndirilən şəxslərin və onları saxlayan polis əməkdaşlarının olduğu yerin müəyyən edilməsi iş üçün vacib əhəmiyyət kəsb edir. Cinayət işlərində şəxsin cinayət əməlini törədərkən eləcə də ondan əvvəl və sonra harada olmasını müəyyən etmək üçün onun istifadəsində olan mobil telefondan mobil operatorlar baza stansiyalarına ötürülən siqnallardan istifadə edilməsi praktikası formalaşmışdır. Belə məlumatların vəkil sorğusu əsasında əldə edilməsinin mümkün olub olmaması barədə mobil operatorlara tərəfimizdən vəkil sorğusu ünvanlanmış və onlardan cavablar əldə edilmişdir. Həmin cavabları aşağıda sizə təqdim edirik.

Azercell aşağıdakı cavabı vermişdir:

“Sizin 08 iyun 2021-ci il tarixli müraciətinizdə qoyulan suallarla əlaqədar olaraq bildiririk ki, mövcud texniki imkanlara görə şəbəkədəki aktiv mobil cihazların eyni və ya fərqli radio-baza stansiyaların əhatə dairəsində olub-olmadığını, həmçinin zənglərin mobil cihaz hansı radio-baza stansiyasında olarkən edildiyini müəyyən etmək mümkündür. Əlavə olaraq onu da bildiririk ki, “Telekomunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2-ci maddəsində operatorlar tərəfindən emal edilən məlumatların dairəsi təsbit edilmişdir. Mobil telefon nömrəsinin istifadə zamanı hansı radio-baza stansiyası tərəfindən əhatə dairəsində olması və həmin stansiyasının ünvanı abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat olduğu üçün operatorlar tərəfindən emal edilən məlumatlardan hesab edilir. Adı çəkilən Qanunun 48.3-cü maddəsinin tələbinə görə isə operator abunəçiyə dair emal etdiyi məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir.

Qeyd edilənlərin, o cümlədən abunəçilərə dair emal edilən məlumatların qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan təqdim edilmədiyinin nəzərə alınmasını xahiş edirik.”

Bakcell aşağıdakı cavabı vermişdir:

“Bakcell MMC-yə 24.06.2021-ci il tarixində daxil olmuş, * saylı, 08.06.2021-ci il tarixli sorğunuzla əlaqədar olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunan meyarlara uyğun olaraq məlumatların Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən müvafiq məhkəmə qərarı əsasında təqdim edilməsi mümkündür.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, mobil telefonun yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s,) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilməsi mümkündür.”

Nar aşağıdakı cavabı vermişdir:

“Azerfon MMC-yə 23.06.2021-ci il tarixində daxil olmuş, 10.06.2021-ci il tarixli sorğunuzla əlaqədar olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunan meyarlara uyğun olaraq məlumatların Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən müvafiq məhkəmə qərarı əsasında təqdim edilməsi mümkündür.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, mobil telefonun yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s,) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilməsi mümkündür.”