Səhlənkarlıq cinayətləri: Subyekt, Zərər və Cəza mexanizmləri - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

Səhlənkarlıq cinayətləri: Subyekt, Zərər və Cəza mexanizmləri

Giriş

Hüquq ədəbiyyatında səhlənkarlıq (negligence) dedikdə, vəzifəli şəxsin öz xidməti vəzifələrinə vicdansız və ya laqeyd yanaşaraq onları yerinə yetirməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və ya cəmiyyətin qanunla qorunan maraqlarına mühüm zərər vurulması başa düşülür. Bu termin etimoloji baxımdan ərəb mənşəli “sahl” (“asan, yüngül”) sözündən yaranmış və “əhəmiyyətsiz, yüngül yanaşmaq” mənasını ifadə edir. İngilis dilində işlədilən “negligence” sözü isə latın mənşəli neglegentia sözündən gəlir və “diqqətsizlik etmək, əhəmiyyət verməmək” anlamını daşıyır. Həm milli, həm də beynəlxalq hüquqi ədəbiyyatda bu termin məhz vəzifələrin lazımi şəkildə diqqətlə yerinə yetirilməməsi nəticəsində baş verən zərərlərlə əlaqələndirilir.

Lakin bu anlayış yalnız hüquqi məfhum olmaqla məhdudlaşmır. Səhlənkarlıq çox vaxt insanların gündəlik həyatında ağır nəticələr doğurur – kiminsə mülkiyyətini əlindən alır, kiminsə illərlə sahiblik etdiyi əmlakı məhv edir, kiminsə isə həyatını təhlükə altına salır. Ona görə də səhlənkarlıq cinayətləri sadəcə məhkəmə zallarında müzakirə olunan hüquqi məsələ deyil, cəmiyyətin sosial təhlükəsizliyini birbaşa sarsıdan real problemdir. Məhz bu zərurətdən irəli gələrək, 2023–2025-ci illərdə Ali Məhkəmə tərəfindən qəbul edilmiş beş məhkəmə qərarının təhlili araşdırmanın əsası kimi seçilmişdir. Bu qərarlar bizə həm hüquqi yanaşmanı öyrənməyə, həm də səhlənkarlığın real həyatda doğurduğu zərərlərin mahiyyətini dərk etməyə imkan verir.

Metodologiya

Araşdırmada müxtəlif sosial rolları tutan beş fərqli şəxsin qərarları müqayisə edilib: QSC direktoru, bankda kassa mütəxəssisi, elektrik mühəndisi, enerji təchizatı mütəxəssisi və meşəbəyi. Hər bir qərar aşağıdakı meyarlar üzrə təhlil olunub:

  • Cinayətin subyektlərinin sosial statusu;
  • Vurulmuş zərərin formasıvə miqdarı;
  • Zərərin necə baş verməsi (obyektiv cəhət);
  • Təyin edilən cəza növü və müddəti.

 

Nəticələr

Subyektlərin sosial statusu

  • 17261963-cü il təvəllüdlü, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış; “xxxx” QSC-nin direktoru;
  • 2253ailəli, ali təhsilli, əvvəllər “xxxx” ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsində, daha sonra “X8” MMC-də anbardar;
  • 4811982 təvəllüdlü, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” ASC- nin Mərkəzi Aran X5 və Satışı İdarəsinin Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi;
  • 13661964təvəllüdlü, ali təhsilli, evli, “xxxx” ASC-nin X19 Təchizatı və Satışı İdarəsinin X8 baş mühəndisi;
  • 15611986 təvəllüdlü, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, məhkumluğu olmayan, işsiz.

Ali Məhkəmə səhlənkarlığın subyekt dairəsini geniş şərh etmişdir– vəzifəli şəxslərlə yanaşı, xüsusi texniki səlahiyyətləri olan mütəxəssislər (mühəndis, meşəbəyi, bank işçisi) də məsuliyyət daşıyır. Bu, məhkəmə praktikasında “səlahiyyətli şəxs” anlayışının yalnız inzibati vəzifələrlə məhdudlaşmadığını göstərir.

 

Vurulmuş zərərin forma və həcmi

Aparılan təhlillər göstərir ki, müxtəlif işlər üzrə vurulmuş zərərin forma və həcmi fərqli xarakter daşıyır:

Məsələn, 1726 nömrəli işdə fiziki şəxslərin mülkiyyət hüquqlarına əmlak ziyanı və əldən çıxmış fayda (icarə haqqı) formasında zərər vurulmuş, nəticədə ümumi məbləğ 728.893 manat təşkil etmişdir (Zərərçəkmiş 1 – 110.000 manat, Zərərçəkmiş 2 – 151.043 manat, Zərərçəkmiş 3 – 140.000 manat, Zərərçəkmiş 4 – 327.850 manat). Söküntü nəticəsində dəymiş zərər həm maddi mənafeləri, həm də şəxsi mülkiyyət hüququnu pozduğuna görə ağır nəticə kimi qiymətləndirilib.

2253 nömrəli işdə isə hüquqi şəxsin əmlak maraqlarına dəymiş maddi ziyan 75.315,47 manat (75.000 manat əsas ziyan və 315,47 manat dövlət rüsumu) məbləğində müəyyən olunmuş, lakin Ali Məhkəmə bu ziyanın təqsirləndirilən şəxsin əməli ilə səbəbli əlaqəsini sübut etmədiyindən mülki iddia təmin edilməmişdir.

481 nömrəli işdə zərərçəkmiş şəxsin fərdi yaşayış evi və ev əşyalarının yanaraq məhv olması nəticəsində 36.274,30 manatlıq maddi ziyan qeydə alınmışdır. Bunun 25.420,30 manatı evin, qalan hissəsi isə məişət texnikası, xalçalar, mebellər və digər əşyaların dəyərini təşkil etmişdir.

1366 nömrəli işdə zərər həm hüquqi, həm də fiziki şəxslərə dəymişdir. Hüquqi şəxsə vurulan ziyan 18.120 manat, iki fiziki şəxsə vurulan ziyan isə 75.935 manat olmuş, nəticədə ümumi zərər 94.055 manat səviyyəsində müəyyən edilmişdir. Belə ki, 1366  481 nömrəli işlərdə məhkəmə “mühüm zərər” və “ağır nəticə” anlayışlarını fərqləndirib: mühüm zərər dedikdə, əmlak və qanuni mənafelərə dəymiş böyük həcmli ziyan; ağır nəticə isə insan ölümü ilə müqayisə edilə biləcək hallarla yanaşı, külli miqdarda əmlak itkisini də ehtiva edir.

Nəhayət, 1561 nömrəli işdə dövlət meşə fondunun əmlak maraqlarına dəymiş zərər qeydə alınmış və onun məbləği 9.608,7 manat olaraq müəyyən edilmişdir. 9608 manat ziyan “mühüm zərər” hesab olunub, bu da göstərir ki, yalnız məbləğin böyüklüyü deyil, zərərin dəydiyi obyektin əhəmiyyəti (dövlətin təbii sərvətləri, ekoloji maraqlar) nəzərə alınır.

 

Zərərin vurulma üsulu (obyektiv cəhət)

1726 nömrəli işdə direktor öz xidməti vəzifələrini lazımi qaydada icra etməmiş, söküntü işlərinə nəzarət göstərməmiş və qanunsuz söküntünün qarşısını almamışdır. Bu əməli nəticəsində zərərçəkmişlərə məxsus mənzillər və qeyri-yaşayış sahələri sökülmüş, şəxsi əşyalar isə tamamilə məhv edilmişdir. Burada maraqlı məqam odur ki, direktorun hərəkətsizliyi (qanunsuz söküntünün qarşısını almaması) belə obyektiv cəhətdən səhlənkarlıq sayılıb. Deməli, passiv davranış da cinayət məsuliyyətinə səbəb olur.

2253 nömrəli işdə isə səhlənkarlıq maliyyə əməliyyatlarında özünü göstərmişdir. Bank əməkdaşı qanuni prosedurlara əməl etməmiş, saxta kredit müqavilələri əsasında ayrılmış pul vəsaitlərini sənədlərdə adı göstərilən şəxslərə deyil, filial müdirinin sərəncamına təqdim etmişdir. Ali Məhkəmə vurğulamışdır ki, bank əməkdaşının əməlində qəsd yox, yalnız ehtiyatsızlıq var. Ona görə də əməl CM-in 308 deyil, 314-cü maddəsi ilə qiymətləndirilib. Bu, qəsd–ehtiyatsızlıq sərhədinin praktiki əhəmiyyətini göstərir.

Texniki sahəyə aid olan 481 və 1366 nömrəli işlərdə də vəzifəli şəxslərin işlərinə vicdansız və laqeyd münasibəti özünü kəskin şəkildə göstərmişdir. Elektrik avadanlıqlarına və hava xətlərinə vaxtında texniki baxış keçirilməməsi, təhlükəsizlik qaydalarına riayət olunmaması nəticəsində yanğın hadisəsi baş vermiş, yaşayış evləri, mağazalar və oradakı əmlak tamamilə məhv olmuşdur. 481 nömrəli işdə məhkəmə qeyd etmişdir ki, texniki nəzarətin pozulması yalnız əmlak itkisi deyil, həm də insanların həyatına ciddi təhlükə doğura bilər – bu, səhlənkarlığın ictimai təhlükəlilik dərəcəsini artıran amil kimi qiymətləndirilib.

Nəhayət, 1561 nömrəli işdə meşə mühafizəsinə məsul şəxsin xidməti vəzifələrinə laqeydliyi nəticəsində müxtəlif növ ağacların qanunsuz kəsilməsinə yol verilmişdir.

 

Təyin edilən cəzalar

  1. №1726:2 il 6 ay azadlıqdan məhrumetmə; CM-in 70-ci maddəsi ilə – 2 il sınaq müddəti olmaqla şərti;
  2. №2253:6 ay azadlıqdan məhrumetmə;
  3. №481:2 il azadlığın məhdudlaşdırılması + 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə.
  4. №1366:Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cəza təyin edilməyib.
  5. №1561:1 il 6 ay islah işləri (aylıq qazancın 15%-i dövlət nəfinə) + 1 il rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə + 9608 manat ziyanın ödənilməsi.

 

Yekun

Beş qərarın təhlili göstərir ki, səhlənkarlıq cinayətlərinin subyekti yalnız inzibati vəzifə tutan şəxslər deyil, mühüm xidməti öhdəlik daşıyan istənilən şəxs ola bilər. Zərərin forması müxtəlif olsa da, ortaq cəhət maddi ziyanın mövcudluğudur.

Cəza siyasəti isə humanist xarakter daşıyır: məhkəmələr fərdiləşdirmə prinsipinə üstünlük verərək əsasən yüngül cəzalar (islah işləri, azadlığın məhdudlaşdırılması, şərti məhkumetmə) tətbiq etmişlər. Bu praktika CM-in 58 və 62-ci maddələrinə uyğundur və göstərir ki, cəzaların məqsədi yalnız cəzalandırma deyil, həm də preventiv və tərbiyəvi funksiyaların təminidir.

Məsuliyyətin əsasları isə üç istiqamətdə formalaşır:

  1. Subyektin öhdəliyi– vəzifə öhdəliklərinin normativ aktlarda dəqiq müəyyən olunması;
  2. Obyektiv tərəf– şəxsin həmin öhdəlikləri icra etmək üçün real imkanlarının olması;
  3. Nəticə– əməlin mühüm zərər və ya ağır nəticələrə səbəb olması ilə.

Beləliklə, səhlənkarlıq cinayətləri sadəcə fərdi məsuliyyətsizlik deyil, hüquqi sabitlik və ictimai təhlükəsizliyə yönəlmiş real təhdid kimi qiymətləndirilməlidir.