İşəgötürən tərəfindən əmək müqaviləsinə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi yol verilməzdir!
Əmək Müqaviləsində Məhdudlaşdırıcı Şərtlər
Konstitusiyanın 35-ci maddəsinin II hissəsinə əsasən
Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Konstitusiyanın 35-ci maddəsinin III hissəsinə əsasən
Heç kəs zorla işlədilə bilməz.
Konstitusiyanın 35-ci maddəsinin IV hissəsinə əsasən
Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Göründüyü kimi, əmək hüquqlarına aid olan əsas prinsiplər Konstitusiya ilə tənzimlənir. Eyni zamanda əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini Əmək Məcəlləsi müəyyən edir.
Əmək Məcəlləsinin 2-ci Maddəsi
Yuxarıda qeyd etdiyimiz prinsip və qaydalara uyğun olaraq işçi və işəgötürənin qarışılıqlı razılığı əsasında tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi məqsədi ilə əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində əmək münasibətlərindən irəli gələrək tərəflərin qarışılıqlı öhdəlikləri göstərilməlidir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Buna görə də, əmək müqaviləsinə işəgötürən tərəfindən işçinin hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsinə yol verilmir. Belə ki, işəgötürən tərəfindən işçinin müqaviləsinə müəyyən müddət məcburi işləmə öhdəliyinin qoyulması bir başa olaraq qeyd etdiyimiz əmək qanunvericiliyin prinsipinə ziddir.
Əmək Məcəlləsinin 69-cu Maddəsi
Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci və ikinci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məcəllənin qeyd edilən maddəsindən də göründüyü kimi, qanunvericilik işçinin mənafeyini əsas götürərək, xəbərdarlıq müddətininə riayət etməklə, ona istənilən vaxtda əmək müqaviləsinin xitamını həyata keçirməyə imkan verir.
Eyni zamanda
İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər
Bu maddələrdən də göründüyü kimi, işəgötürənin işçininin əmək müqaviləsində müəyyən müddətə məcburi işləmə öhdəliyi əlavə etməsi işçinin əmək müqaviləsinə xitam vermək hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Bu da bir başa olaraq əmək qanunvericiliyinin tələblərinin pozulması hesab olunur.
Mülki Məcəllə
Qeyd edilən məsələlər, işəgötürən tərəfindən işçiyə borcun verilməsi və borcun qaytarılması əmək qanunvericiliyi ilə tənzimlənməsə də, Mülki Məcəllə ilə tənzimlənir. Əmək qanunvericiliyindən fərqli olaraq, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Belə ki, tərflər razılığa gəlinən şərtlər əsasında azad surətdə müqavilə bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.
Tərəflər Arasında Bağlanan Borc Müqaviləsi
Günümüzdə tərəflər arasında ən çox bağlanan borc müqaviləsi zamanı qanunvericilik kreditorun mənafeyini təmin etmək, onun tərəfindən verilən borcun qaytarılmasını tənzimləmək üçün qaydalar müəyyən edir. Belə ki, borc müqaviləsi yazılı və şifahi qaydada bağlanıla bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin predmeti pul tələbi olduğuna görə, o, kredit müqaviləsi hesab olunur.
Mülki Məcəllənin 460-ci Maddəsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi qanunvericiliyə uyğun şəkildə bağlanılmış müqavilə əsasında borc öhdəliyinin təminat üsullarını müəyyən edir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
Girov Və İpoteka
Girov və ipoteka girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka müqaviləsi yazılı qaydada bağlanmalıdır. Ipoteka müqaviləsi həmçinin notarial qaydada təsdiqlənməlidir. Belə ki, ipoteka predmetinə daşınmaz əşya, rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydiyyata alınan daşınar əşya ola bilər. Girovun predmetinə isə, daşınar əşyalar aid edilir. Müqavilənin predmetindən asılı olaraq, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi müəyyən müddət ərzində icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı əldə etsin.
Zaminlik Müqaviləsi
Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin etibarlı hesab edilməsi üçün yazılı formada bağlanmalıdır. Müqavilə əsasında borclu öhdəliyi yerinə yetirmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, işəgötürən tərəfindən əmək müqaviləsinə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi yol verilməzdir. Tərəflər mülki qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə müqavilənin şərtlərini eləcə də, öhdəliyin təminat üsullarını müəyyən edə bilərlər.
………………………………
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.