Müvəqqəti hərbi xidmətə yollanan vətəndaşın iş yerinə qayıtmaq hüququ - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Müvəqqəti hərbi xidmətə yollanan vətəndaşın iş yerinə qayıtmaq hüququ

 

 

 

Məsələnin Konstituisya hüquqi aspektləri – Burada İşəgötürənin sahibkar kimi,İşçinin isə vətəndaş olaraq bir sıra hüquq və vəzifələrini qarşılıqlı təhlil və müqayisə etmək lazımdır.

Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiyanın 59-cu maddəsinin II hissəsinə əsasən, Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

Bu normaların məzmunundan göründüyü kimi, dövlət İşəgötürən olaraq sahibkarın azad fəaliyyətinə şərait yaradır. Yalnız dövlət maraqları, insan həyatı və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləmə həyata keçirir.

Dövlət maraqları qismində –  iqtisadiyyatın inkişafı, işsizliyin azaldılması, insanların sosial təminatının gücləndirilməsi və rifahının yüksəlidilməsi kimi maraqları qeyd edə bilərik.

Bu zaman İşəgötürənlər (Sahibkarlar) , İşçilərlə (vətəndaşlar) münasibətlərdə maksimum geniş səlahiyyətlərə malik olmaqda işçilər də öz növbəsində daha geniş hüquqi təminatlar əldə etməkdə maraqlıdır.

Bu məqamları tənizmləmək məqsədi ilə Əmək Məcəlləsinin 2-ci maddəsində əmək münasibətlərində tərəflərin

  • hüquq bərabərliyinin təmin edilməsi;
  • mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;

 

  • maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
  • əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi;
  • əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması kimi prinsiplər əsasında fəaliyyət göstərməsi təsbit edilmişdir.

Burada digər bir Konstitusion hüquq normasını da qeyd etmək zərurəti yaranır bu da  76-cı maddədə təsbit edilmişdir. Həmin maddənin  I hissəsinə əsasən, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

 

Lakin işçi öz vətəni müdafiə borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə gedərkən o təbii olaraq, əmək müqaviləsi üzrə öz vəzifələrini icra edə bilmir və bu da İşəgötürənin mənafelərinin pozulmasına gətirib çıxarır. Bu baxımdan Əmək Məcəlləsinin 74-cü maddəsində işçinin hərbi xidmətə getməsi əmək müqaviləsinin xitamı əsası kimi müəyyən  edilmişdir. Və İşəgötürən hərb xidmətə yollanan işçinin yerinə başqa şəxslər əmək müqaviləsi bağlamaq imkanı əldə edir.

Bu zaman isə hərbi xidmətə yollanan işçi əgər müvəqqəti həqiqi hərbi xidmətə yollanmışdırsa hərbi xidmətini başa vurduqdan sonra işsizlik problemi riski ilə üz-üzə qalır. Bu məqam isə yuxarıda qeyd etdiyimiz – mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması – prinsipi ilə ziddiyyət təşkil edir.

Məhz bu cür hallarda işçinin mənafelərinin qorunmasının təminatı kimi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu bəndi çıxış edir. Həmin normaya əsasənQanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

 

Normanın məzmunundan da göründüyü kimi, işçiyə hüquq verilir ki, o müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra 60 təqvim günü ərzində öz əvvəlki və ya ona bərabər vəzifəsinə geri qayıtmaq hüququna malikdir. Lakin bu onun vəzifəsi deyil o bu işə qayıtmaqdan imtina da edə bilər.

Lakin 60 gün müddəti ötürməmişdirsə və müəssisə də ləğv edilməmişdirsə İşəgötürən onun bu hüququnu təmin etməyə borcludur.

Bu zaman işçi ilə Əmək Məcəlləsinin tələblərinə uyğun yeni əmək müqaviləsi bağlanılmalıdır.

Sualınız var?