Günəş panellərindən necə gəlir əldə etmək olar?
Günəş Panellərindən Gəlir Əldə Etmək
Sahibkarlar torpaq sahələrində günəş panelləri yerləşdirərək alternativ enerji mənbəyini istehsal edə və satışını həyata keçirə bilərlər. Bu halda sahibkarlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanına müraciət edərək, lazımi sənədləri təqdim etməli və enerjinin istehsalı üçün icazə almalıdırlar.
Bununla bağlı tərəfimizdən Azərbaycan Respublikası Energetika Nazirliyinə sorğu göndərilmişdir. Və Nazirlik tərəfindən günəş panellərinin torpaq sahəsində yerləşdirilməsi, eyni zamanda günəş panellərindən alınan enerjinin satılması üçün nəzərdə tutulan şərtlər və sənədlərin siyahısı barədə ətraflı məlumat verilmişdir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin sorğumuza cavabı aşağıdakı kimi olmuşdur:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı tələb olunur. “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” AR Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 482 nömrəli qərarına əsasən, bərpa olunan enerji mənbələri hesabına enerji istehsal edən elektrik stansiyaları üzrə – 150 kilovatdan yuxarı, su elektrik stansiyaları və bioloji kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyaları üzrə – 500 kilovatdan yuxarı elektrik enerjisi istehsalına icazə alınır.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
- ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);
- icazə şərtlərinin (qanunla nəzərdə tutulduqda) yerinə yetirilməsini təsdiq edən sənədlər.
Həmçinin, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müraciətdə aşağıdakılar əks etdirilir:
- nəzərdə tutulmuş fəaliyyətin əsas əlamətlərinin təsviri;
- müraciət edən şəxsin və onun işçilərinin müvafiq ixtisas dərəcəsi haqqında sənədlər;
- ictimai texniki təhlükəsizliyə riayət edilməsi haqqında arayış;
- fəaliyyətlə məşğul olan insanların sağlamlığının və təhlükəsizliyinin mühafizəsi üzrə qaydalara aid sənədlər.
Həmçinin, adıçəkilən Qərara əsasən, gücü 150 kilovatdan yuxarı olan elektrik qurğuların istismarına buraxılış aktı tələb olunur.
Azərbaycanın Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq, Sifarişçi 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı almaq üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ərizə və aşağıdakı sənədləri təqdim edir:
- enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;
- Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;
- quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;
- elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;
- kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;
- transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;
- elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;
- elektrik sayğacının quraşdırılması aktı;
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- ərizəçinin vergi ödəyiçisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti ( əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa).
Elektrik stansiyasının quraşdırılmasına dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası” və gücünün 150 kVt-dan yuxarı olacağı nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” ilə müəyyən edilir.
8-1-ci Maddə
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin, həmçinin bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri, həmçinin bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə (yarımstansiya və ya elektrik verilişi xətti) qoşulur.
İstehsal olunan elektrik enerjisinin satışı ilə əlaqədar münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq, müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) arasında bağlanan elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə tənzimlənir.
Müraciətimizə tam və ətraflı olaraq cavab verdiyinə görə Azərbaycan Respublikası Energetika Nazirliyinə təşəkkürümüzü bildiririk.
………………………………
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.