Facebook və İnstagramda törədilən təhqir və böhtan cinayətlərinin cəzası nədir? - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Facebook və İnstagramda törədilən təhqir və böhtan cinayətlərinin cəzası nədir?

Günümüz reallığında texnologiyanın inkişafı, sosial şəbəkələrin geniş yayılması və hər yaş kateqoriyasından insanların bu vasitələrdən istifadəsi həm müsbət, həm də mənfi formada öz təsirini göstərir. Aydındır ki, Instagram, Youtube, Facebook, Twitter, Tiktok kimi sosial platformalar müxtəlif məqsədlər üçün istifadə olunur. Vətəndaşların qısqanclıq, qisas, nifrət və s. səbəblərdən başqa şəxslər barədə doğru olmayan məlumatları yayması, səsləndirməsi ilə həmin şəxslərin şərəf – ləyaqətinə, nüfuzuna zərər vurması əməli cinayət məsuliyyətinə səbəb olur. Eləcə də, insanların ünvanlarına təhqirəramiz ifadələr səsləndirmək və ya söymək özü də sosial şəbəkələrdə çox rastlanılan haldır, cinayət məsuliyyətinə səbəb olur.

Sosial şəbəkələrdə saxta profillərindən istifadə edilərək və ya açıq hesablarla başqa şəxsləri təhqir etmək və ya onlara böhtan atmaq əməlləri cinayət qanunvericiliyində sadə təhqir və böhtan əməlindən fərqləndirilir. Diqqətinizə çatdıraq ki, Ali Məhkəmənin müvafiq qərarları əsasən sosial şəbəkələr üzərindən törədilən cinayət əməllərini əhatə edir.

  • Böhtan mənşəcə ərəb sözü olub, dilimizdəki mənasına görə qara çalmaq, şər atmaq deməkdir.
  • Təhqir sözü də ərəb mənşəli olub, aşağılamaq mənasına gəlir.

Photo surprised two young women with pity expression focused into screen of mobile phone

Təhqir və böhtan arasındakı fərq nədən ibarətdir?

Azərbaycan Respublikası Cinayət Qanunvericiliyi təhqirə belə tərif verir ki, təhqir – kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

Bir şəxsə “axmaq”, “əclaf”, “şərəfsiz” və s. deyərək onu təhqir etmiş olursunuz. Bir şəxsi “eşşək”, “it”, “öküz” və s. səsləyərək onu təhqir etmiş olursunuz. Bir şəxsi söyəndə onu təhqir etmiş olursunuz.

Azərbaycan Respublikası Cinayət Qanunvericiliyi böhtana belə tərif verir ki, böhtan – yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqdır.

Əgər biri barəsində, məsələn: “Azər, işlədiyi mağazadan hər gün çörək oğurlayır” desəniz və bu məlumatın doğruluq payı yoxdursa, siz həmin şəxsə böhtan atmış olursunuz.

Daha aydın desək, böhtan bir şəxs barəsində yalan məlumat yayaraq onun nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirməkdir. Təhqir isə ona qarşı nalayiq ifadələr səsləndirib onun şərəf və ləyaqətini alçaltmaqdır.

Qeyd edək ki, tənqid etməyi və kobud davranmağı vətəndaşlar bu 2 cinayət əməli ilə səhv sala bilirlər. Ola bilsin ki, siz hansısa vəzifəli şəxsi tənqid edirsiniz və ağır formada tənqidetmədir, lakin bu böhtan sayılmır. Eyni qaydada, siz qarşınızdakı insana nəzakətsiz davranırsınızsa, bu o demək deyil ki, siz onu təhqir edirsiniz.

Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ tanınır. Belə ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Təhqir və ya böhtan əməli necə sübuta yetirilməlidir?

Əvvəldə də qeyd etdiyimiz kimi, böhtan – yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqdır. Ali Məhkəmənin müvafiq qərarlarına əsasən də görürük ki, məlumatların yalan olub-olmadığının yoxlanılması bu əməldə cinayət tərkibinin mövcudluğunu aydınlaşdırmağa kömək edəcək. Məhkəmənin vəzifəsi də iş üçün əhəmiyyət kəsb edən faktiki halların araşdırılması və aydınlaşdırılmasıdır. Əgər məlumatın yalan olduğu sübuta yetirilərsə, əməl böhtan sayıla bilər.

Bilirik ki, ittihamın sübuta yetirilməsi müdafiə tərəfinin deyil ittiham tərəfinin vəzifəsidir. Cinayət qanunvericiliyində xüsusi ittihamçı anlayışı var ki, böhtan və təhqir kimi cinayət əməllərindən zərərçəkən şəxslər xüsusi ittiham qaydasında hüquqlarının müdafiəsini tələb edirlər.

  • Xüsusi ittihamçı – Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir.

Bəs əgər siz zərərçəkən tərəfsinizsə, sübut kimi nələri təqdim edə bilərsiniz?

Böhtanın cinayət qanunvericiliyindəki tərifindən aydın olur ki, şəxs barəsində səsləndirilən məlumatın yalan olması kifayət deyil ki, əməl böhtan sayılsın. Həmin məlumatlar kütləvi formada təqdim edilmiş olmalıdır. Məsələn, ictimaiyyətə açıq reklam lövhələrində nümayiş etdirilsin və ya bir qrup şəxs qarşısındakı çıxışda səsləndirilsin, və s. bu qəbildən kütləvilik nəzərdə tutulur.

Həmçinin əməlin təhqir hesab olunması üçün kütləvi çıxışda və ya informasiya vasitələrində ünvanınıza təhqiramiz sözlərin səsləndirilməsi lazım gəlir.

Həmin məlumatların və təhqirin kütləvi çıxışlarda səsləndirilməsinin video və ya səs yazısı ilə sübuta yetirilməsi mümkündür. Eləcə də, barənizdəki yalan məlumat və ya söyüşlər kütləvi informasiya vasitələrində yayımlanıbsa, həmin paylaşımların özü sübut kimi qəbul edilə bilər.

Təqsirləndirilən şəxsin öz təqsirini sadəcə olaraq “təqsirimi etiraf edirəm”, “özümü təqsirli sayıram” və yaxud bu kimi ifadələrlə etiraf etməsi sübut kimi qəbul edilə bilməz. Bu cür ifadələrdə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün faktiki materiallar (hallar) göstərilmir. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı irəli sürülmüş ittihamış əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxsin öz təqsirini etiraf edən ifadəsinin sübut əhəmiyyəti digər sübutların iş üzrə əhəmiyyətindən üstün qəbul edilə bilməz.

Təhqir və böhtan üçün ehtimal edilən cəza nə qədərdir?

Böhtan əməli 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təhqir 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ali Məhkəmənin qərarlarını təhlil edərkən görürük ki, böhtan əməli üzrə işə baxılarkən hər 10 işdən 5-i bəraətlə nəticələnir. İşə baxan məhkəmələr isə əksər hallarda islah işləri növündə cəza təyin edir.

Təhqir ilə bağlı işlərə baxarkən Ali Məhkəmə əksər hallarda islah işləri növündə cəzanın ən yüksək həddini təyin edir.

Təəssüf ki, Ali Məhkəmənin müvafiq qərarlarının təhlili zamanı şahid oluruq ki, təhqir və böhtanla bağlı işlərdə məhkəmələr maddi və ya mənəvi zərərin ödənilməsi istiqamətində heç bir qərar qəbul etməmişdir.

Son zamanlar rast gəldiyimiz bir digər hal kimi qeyd etmək istəyirik ki, əgər şəxsin barəsində müvafiq orqanlara hər hansısa şikayət yazılıbsa, bu şikayətdə əks olunan məlumatlardan asılı olmayaraq həmin şikayət müraciətinin böhtan kimi qiymətləndirilməsi mümkün deyil.

Bizimlə əlaqə üçün :  +994 50 224 85 05