Nazir olacam deyərək 165 000 Dollar alan şəxsə 9 il
Səhiyyə Naziri olacam və səni Baş həkim təyin edəcəm deyərək, həkim yoldaşından 165 000 ABŞ dolları almaqla dələduzluq etmiş şəxs barəsində Ali Məhkəmə qərar qəbul etmişdir.
Baş həkim işlədiyi dövrdə Dələduzluq və (öz qulluq mövqeyindən istifadə etməklə) və rüşvət verməyə təhrik etmə cinayətlərini törətmiş şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsi 9 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
Hökmdən narazı qalan keçmiş baş həkim barəsində çıxarılmış hökmü Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də qüvvədə saxlamışdır.
İstinad edilən qanunvericilik:
Maddə 32. İştirakçılığın növləri KMQ16
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.
32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.
32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. [23]
Maddə 178. Dələduzluq
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [370]
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [371]
Maddə 312. Rüşvət vermə (aktiv rüşvətxorluq) [844]
312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – [845]
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [846]
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə—
səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bizimlə əlaqə üçün: +994502248505