Cinayət işlərində raport sübut növü kimi – müdafiə aspekti - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Cinayət işlərində raport sübut növü kimi – müdafiə aspekti

 

  1. Raportun hüquqi statusu

 

Raportla bağlı formalaşmış təcrübəni araşdırdıqda görürük ki, məhkəmə qərarlarında raportlara çox az istinad olunur və raport haqqında ümumi bir məlumat qanunvericilikdə əks olunmur. Sadəcə bəzi qanunlarda raport fraqment kimi verilir.[1] Halbuki, raportlar narkotik cinayətlərinin araşdırılmasında mühüm əhəmiyyətə malikdir. Gəlin nümunəsi qeyd edilən raportu hüquqları müdafiə edilən vətəndaşın mənafeləri baxımından təhlil edək.

 

 

   

AB Nazirliyinin  CD İdarəsinin rəisi EF mayoru Cənab Əhməd Əhmədova

 

 

R A P O R T

 

Hörmətli cənab Əhməd Əhmədov!

 

Məruzə edirəm ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda  “Məmməd” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, həmin şəxs 38.45.3003-ci ildə Ərəgli rayonunda anadan olmuş, Ərəgli rayonu, Tərəvir kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nügədi rayonu, Gəncə küçəsi, ev 31, mənzil 69 ünvanında faktiki yaşayan Məmmədov Məmməd Məmməd oğludur.

 

Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Məmmədov Məmməd Məmməd oğlunun cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verməyinizi xahiş edirəm.

 

 

ABCDI-nin baş əməliyyat                                                              

müvəkkili DDXXX kapitanı  ____________________ Əli Əliyev

 

X gün, Y-ci il

 

  

  1. Forma və məzmun

Əməliyyat-axtarış fəaliyyəti çərçivəsində əldə edilmiş məlumatların sübut qismində istifadə edilməsində müəyyən məhdudiyyətlər vardır. Mahiyyətcə bu məhdudiyyətlər məhkəmədə həmin sübutların vəkil tərəfindən istifadə edilməsinə mane olmasada, məxfiliklə bağlı müddəalara vahid yanaşmanın olmaması və əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan qurumlarında bu məxfilik anlayışını geniş mənada şərh etməməsi bu sənədlərin istifadəsində vəkillərə mane ola bilir.

Raportun təhlilinə keçməzdən əvvəl qanunvericiliyin bizə hansı məhdudiyyətlər müəyyən etdiyinə baxaq. Qanunun tələbi ondan ibarətdir ki, əməliyyat məlumatı verən mənbənin kimliyi və məlumatın əldə edilmə üsulu açıqlana bilməz.[2] Bu iki məqam istisna olmaqla əməliyyat məlumatının məzmunu açıqlanmalıdır.

 

2.1. Cinayət işinin başlanması üçün özündə əsası olan mənbə

Raportdan görünür ki, həm etimad doğuran, həm məlum, həm də qərəzsiz mənbə var. Hüquqlarını müdafiə etdiyimiz vətəndaşın mənafeləri baxımından bu mənbənin verdiyi məlumat məhkəmədə araşdırılmamışdırsa nə etimad doğuran, nə də qərəzsiz mənbədir. Əgər hətta məlumatın məzmunu məhkəmədə araşdırılmırsa mənbənin özünün olması belə şübhə doğurur və bu şübhə vətəndaşın xeyrinə həll edilməlidir.

Mənbəylə bağlı məlumat açıqlanmasada və ya ilkin dönəmdə, ibtidai istintaq dövründə və məhkəmə istintaqı dövründə mənbənin özü və məlumat vermə üsulunun açıqlanması qadağan olsada bəraətdən sonrakı dövrdə bu məsələnin işlənməsinə ehtiyac yaranır. Çünki mənbənin özündə şəxs haqqında bilə-bilə yalan məlumat vermə məsələsi barədə məsuliyyət gündəmə gəlir. Buna baxmayaraq hələki bu məsələdə məhkəmə təcrübəsi formalaşmayıb və vahid bir yanaşma yoxdur. Amma hesab edirik ki, bu əməliyyat axtarış fəaliyyəti istiqamətində hüquqi həllini gözləyən problemlərdən biridir.

Dolayısı ilə biz mənbə və üsulu istisna olmaqla əməliyyat məlumatının məzmununun məhkəmədə araşdırılmasını tələb etməkdə haqlıyıq. Burada hər hansı istisna və ya əlavə şərt nəzərdə tutulmamışdır.

 

2.1.1. Mənbədə əks olunan məlumatlar

Bəzi raportlarda şəxsin adı, soyadı, atasının adını əks etdirən məlumatların da birbaşa qeyd olunduğunu görürük. Lakin bəzilərində isə şəxsin sadəcə şərti olaraq adı qeyd olunur və növbəti mərhələlərdə, araşdırmadan sonra onun kimliyinin, anket məlumatlarının qeyd olunduğunu müşahidə edirik. Hesab edirik ki, mənbə tərəfindən şəxsin kimliyinin, onun anket məlumatlarının əldə edilməsi mümkün və real deyil. Həmçinin, bunun heç bir hüquqi əsası yoxdur. Mənbənin şəxsin adını və törətdiyi əməlləri qeyd etməsi, bildirməsi daha məntiqlidir və reallığa uyğundur. Əgər mənbə şəxsin ad, soyad və ata adını qeyd edirsə bu hal üstünə müdafiə tərəfi getməli, bu məsələni gələcəkdə digər sübutlarla əlaqəli şəkildə ziddiyyət olaraq üzərində iş aparmalıdır.

Şəxsin istinad edilən əməli ilə bağlı bir çox raportlarda bunun standart yazılışının şahidi oluruq ki, narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması qeyd olunur. Amma hansı narkotik vasitələrin, psixotrop maddələrin qeyd edildiyi məlum deyil. Çünki burda bildiyimiz kimi hər narkotik vasitənin və psixotrop maddənin külli miqdarı fərqli-fərqli həcmlərdə müəyyənləşdirilmişdir. Külli miqdarı çox böyük həcmdə olan məlumat verilə bilər ki, bu həcmdə olan narkotik vasitə şəxsin cibinə sığması həqiqətə uyğun olmaz. Bu halda avtomatik olaraq raportun özü şübhə altına düşür.

Bundan əlavə şəxsin cibində olan və son dərəcə şəxsi xarekter daşıyan məlumatın adi bir vətəndaş olan mənbəyə məlum olması özüdə bir çox suallar doğurur ki, bu da təqsirləndirilən şəxsin vəkili tərəfindən ən xırda detallarına qədər işlənilməsi vacib olan məqamdır. Çünki şəxsin cibinə gizlincə baxış keçirtmədən, və ya şəxsin olmadığı vaxtda onun mənzilində paltarlarının ciblərini yoxlamadan həmin maddənin nə olduğunu müəyyənləşdirmək real deyil, ya da o halda belə bir ehtimal yarana bilər ki, həmin narkotik vasitəni barəsində məlumat verən şəxsə ötürəndə elə həmin mənbənin özüdür. Müdafiə tərəfi olan vəkil bu məqamlardan digər istintaq dövründə və əməliyyat dövründə əldə olunan sübutların arasındakı ziddiyyətləri işləyib, öz hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə istifadə etməlidir.

Satış məqsədilə külli miqdarda narkotik vasitələr məsələsində satış məsələsini müəyyənləşdirmək üçün təcrübədə görürük ki, bir neçə ay istintaq aparılır və heç bir nəticə əldə edilmir. Amma əməliyyat və istintaq səlahiyyəti olmayan mənbənin şəxsin satış məqsədini müəyyənləşdirməsi heçdə real deyil. Ümumiyyətlə sual yaranır ki, burda mənbə şəxsin barəsində neçə ayda məlumat toplayır  və ümumiyyətlə mənbənin məlumat toplamaq səlahiyyəti hüquqi əsasını tapırmı?

Əməliyyat axtarış fəaliyyəti haqqında qanunda bildirilir ki, əməliyyat axtarış fəaliyyəti və ümumiyyətlə bu tip analoji fəaliyyətləri həyata keçirmək dövlət orqanlarının müstəsna səlahiyyətidir. [3]Yəni hər hansı hüquqi və fiziki şəxsin bu cür məlumat tapmaq səlahiyyəti yoxdur. Mənbədə yalnız gündəlik həyat şəraitində, hadisələrin normal axışında məlum olan məlumatlar göstərilməlidir. Mənbə hər hansı vətəndaş barəsində soraqlaşma, araşdırma apara bilməz. Bu baxımdan bu məsələ avtomatik şübhə altına düşür və bunun da müdafiəçi tərəfindən işlənilməlidir.

Bütün bunları nəzərə alaraq, mənbənin özündə aşağıdakı məlumatları əks etdirdiyi qənaətindəyik:

 

2.1.2. Raporta əsasən mənbə

  1. Şəxsin üzərində həm narkotik vasitə, həm psixotrop maddə olduğunu bilir. Yəni şəxsin cibində olan və yalnız şəxsin cibindən çıxarılaraq içərisinə baxış keçirilərsə, bəzən isə hətta qoxu və dadı yoxlanılmaqla müəyyənləşdirilməsi mümkün olan maddələrin növlərinə ayıracaq qədər müfəssəl məlumata malikdir.
  2. Şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması – yəni istifadəçilərə bükümlər halında narkotik vasitələri satmasını və bunun qarşılığında pul və sair nemətlər əldə etməsi, eləcə də müştərilərlə qurduğu ünsiyyət kanalları barədə məlumata malikdir.
  3. Narkotik topdan satan şəxs və şəxslərdən daha ucuz qiymətə alaraq mənfəət əldə etmək məqsədi ilə daha baha qiymətə satması, başqa sözlə narkotikin alış qiyməti və satış qiyməti barədə məlumata malikdir.
  4. Bu narkotik vasitələrin növünə görə külli miqdar həcmləri fərqli olduğu üçün həmin narkotik vasitələrin dəqiq çəkisini belə bildirəcək qədər ətraflı məlumatı vardır.
  5. Bu narkotik vasitəni daşıması barədə – yəni A məntəqəsindən götürməsi və B məntəqəsinə aparması barədə məlumatı vardır.
  6. Bu narkotik vasitəni saxlaması barədə – yəni evində, avtomobilində və s sabit bir yerdə bu narkotiki gizlətməsi barədə məlumatı vardır.

 

2.2. Raportun təsviri hissəsi

Yuxarıda nümunəsi verilmiş Raportdanda görüldüyü kimi, Raport iki hissədən ibarətdir: təsviri hissəsi və xahiş hissəsi. Raportun təsviri hissəsini aşağıdakı istiqamətlərdə təhlil edə bilərik:

  1. Şəxsin anket məlumatları raportda əksini tapırmı?

Şəxsin anket məlumatlarının raportda olması o baxımdan şübhə doğurur ki, agentdən və ya  informatordan məlumat belə dəqiqliklə daxil ola bilməz. Bu agentdən daxil olan məlumatların yoxlanılması zamanı əldə edilə bilən bir məlumat toplusudur. Bəs şərti adla “Məmmədi” ölkədə olan digər eyni adlı şəxslərdən necə seçir və ayırır.

Raportun ikinci cümləsini qarşılaşdırarkən görürük ki, əməliyyat məlumatı almış əməkdaş bu şəxsin adını “Məmməd” olaraq qeyd edir, lakin bu cümlədən dərhal sonra ikinci cümlədə yazır ki, biz artıq müəyyən etdik ki, bu 38.45.3003-ci ildə Ərəgli rayonunda anadan olmuş, Ərəgli rayonu, Tərəvir kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nügədi rayonu, Gəncə küçəsi, ev 31, mənzil 69 ünvanında faktiki yaşayan Məmmədov Məmməd Məmməd oğludur.

Müdafiəçi bu məqamı şəxsin şəxsiyyətini müəyyən edilməsi istiqamətində aparılan işlər baxımından araşdırmalıdır. Daha rəhbərinə belə məlumat vermədən əməliyyatçı hansı hüquqi əsaslarla və hansı məlumat bazalarına daxil olaraq və ya hansı araşdırma aparmaq barəsində əməliyyat məlumatı daxil olan şəxsin kimliyini müəyyənləşdirir.

Digər bir məqam isə şəxsin olduğu və ya bir neçə saat sonra olacağı yerin müəyyənləşdirilməsidir. Əlində sadəcə bir raport və raport əsasında çıxarılmış  təxirəsalınmaz “Əməliyyat Axtarış Tədbiri” qərarı olan əməliyyatçı 4 milyonluq şəhərdə və 10 milyonluq ölkədə 1 saat ərzində bəzən isə 30 dəqiqə ərzində şəxsin olduğu yeri necə müəyyənləşdirir və bunun üçün hər hansı əməliyyat axtarış tədbirinə də ehtiyac qalmır.

Məhkəmə təcrübəsi göstərir ki, burada açıqlanmayan məqamlar var və hələki məxfilik barədə “Əməliyyat Axtarış Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun bəndləri geniş təfsir edilərək bu məqamlara aydınlıq gətirilməmişdir.

  • Şəxsin olacağı yer raportda göstərilibmi?

Bu məqam həm istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı hər zaman diqqətdən kənarda saxlanılır. Əməliyyat müvəkkilindən istintaq zamanı şəxsin yerini bir neçə dəqiqə ərzində necə müəyyən etdiyi soruşulmur. Çünki şəhərdə 4 milyon əhali var və bu şəxsin müəyyənləşdirilməsi üçün çox ciddi iş aparılmalıdır. Bu aparılacaq işdə “Əməliyyat Axtarış Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşdüyündən şəxsin yerinin müəyyənləşdirilməsi üçün Əməliyyat Axtarış Tədbiri keçirilməlidir. Amma təcrübədə belə Əməliyyat Axtarış Tədbiri  keçirilmir, ya da ümumiyyətlə Əməliyyat Axtarış Tədbiri keçirilmir. Qərar götürülür və vətəndaş könüllü etiraf etməsi rəsmiləşdirilir və saxlanaraq gətirilib inzibati binada üzərinə baxış keçirilir.

  • Narkotik vasitənin növü raportda qeyd edilibmi?

Əksər qərarlarda ümumi olaraq narkotik vasitə və psixotrop maddə yazılır ki, bu əslində raportun formal olaraq yazılması şübhəsini doğurur. Belə olan halda müdafiəçi olaraq biz bu hissənin araşdırılmasına nail olmalıyıq. Əgər şəxs tutulan zaman onun üzərində yalnız narkotik vasitə çıxırsa, bu ya əməliyyat məlumatının həqiqətə uyğun olmadığını, ya da daxil olan məlumatın düzgün rəsmiləşdirilmədiyini göstərir ki, hər iki halda da raport özlüyündə bir sübut olaraq şübhə altına düşür. Bütün cinayət işi isə bu raport üzərindən qurulduğu üçün raportu “Əməliyyat məlumatı” ilə, “Əməliyyat axtarış qərarı” ilə, “Şəxsi baxış və axtarış protokolu” ilə müqayisəli qiymətləndirərək orada çoxlu ziddiyyətlər tapmaq mümkündür.

  • Narkotik vasitə necə əldə edilib?

Narkotik vasitənin əldə edilməsi standart cümlənin tərkib hissəsi kimi əksər raportlarda kopyalanması müşahidə edilir. Amma özlüyündə çox ciddi problemlər doğurur. Dindirmələr zamanı və videoçəkiliş zamanı şəxs bildirir ki, narkotik vasitəni tapmışdır. Daha sonra müstəntiq şübhəli şəxs qismində və eləcədə  təqsirləndirilən şəxs qismində ifadə alarkən bu ziddiyyəti aradan qaldırmağa cəhd belə göstərməyərək əslində raport formallığını  bir daha təsdiq edərək onu sübutlar siyahısında lazımsız bir sənədə çevirir.

  • Satış məqsədi raportda göstərilibmi?

Satış məqsədi də raportlarda kopyalanır və gələcəkdə müstəntiq üçün baş ağrısına, müdafiə tərəfi üçün isə əlverişli imkanlara çevrilir. Çünki müstəntiq suallarla satışı sübut etməyə çalışmır və bununla da raport və  dindirmə protokolu arasında daha bir ziddiyyət formalaşır.

 

2.3. Raportun xahiş hissəsi

Raportun xahiş hissəsinin əsasında yazılır ki, bu hadisələrin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Buna görədə  bu hallarda şəxsin cinayət əməllərinin ifşa olunması, şəxsin cinayət törədərkən yaxalanması, cinayət izlərinin vaxtında müəyyən edilib götürülməsi məqsədilə qrup yaradılması və təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində icazə istənilir. Halbuki biz baxırıq ki, nəinki əməliyyat dövründə, hətta  sonrakı istintaq dövründə belə bu istiqamətlərin bir çoxunda heç bir iş aparılmır. Şəxs sadəcə tutulur və sonra ümumiyyətlə əməliyyat-axtarış fəaliyyəti keçirilmir. Şəxsin evinə, iş yerinə, avtomobilinə baxış keçirilmir, onun ailə üzvləri, onun birlikdə vaxt keçirdiyi dostları, iş yoldaşları, tanışları dindirilmir. Ümumiyyətlə onun narkotiki kimdən alması, kimə satması, hansı yollarla narkotik vasitəni əldə etməsi, pulu hansı vasitələrlə əldə etməsi, qramını neçiyə satması, nə qədər gəlir əldə etməsi- bu istiqamətlərin heç biri nə əməliyyat fəaliyyəti ilə nə istintaq fəaliyyəti ilə araşdırılmır.

Bəraət işlərində işin faktiki hallarını təhlil edərkən görürük ki, əməliyyat tədbiri belə yoxdur. Yəni hər hansı əməliyyat tədbiri keçirilmədən sadəcə şəxsin olduğu yerə gedilərək və şəxs məcburi şəkildə idarəyə gətirilərək qərar qəbul edilir. Qanunda nəzərdə tutulan əlamətlərə uyğun hər hansı əməliyyat axtarış tədbiri keçirilmir. Məntiqi baxımdan buna ehtiyac belə qalmır.

Əməliyyat müvəkkillərinin yazılarından görünən hal budur ki, onlar şəxsi görmüş, özlərini təqdim etmiş və üstündə narkotik olub olmadığını soruşmuşdurlar. O da səmimi şəkildə üstündə narkotik vasitə olduğunu bildirmişdir və onlar da ona birlikdə idarəyə getməli olduqlarını demiş və sonda da şəxsin də əməliyyat müvəkkiləri ilə birlikdə idarəyə getdikləri nəticəsini çıxara bilərik. Bu halda təxirəsalınmaz Əməliyyat Axtarışı Tədbiri barədə qərara ehtiyac qalmadığı görünür. “Polis haqqında” qanununun həmin şəxslərə verdiyi cinayət başında yaxaladığınız şəxsi tutmaq hüququnu da şübhə altına qoyaraq çoxlu suallar yaranır.

Burada Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarındakı[4] mövqeni də qeyd etmək lazımdır. Qərarda bildirilir ki, Əməliyyat axtarış tədbirində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə gəldikdə məhkəmələr həmin polis əməkdaşlarının təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları olduğundan onların maraqlı tərəf olmalarını düzgün qiymətləndirmişdir.

 

2.4. Raportda işlənməli olan məqamlar

Raportun təhlilində aşağıdakı suallara cavab axtarmaq və ya aşağıdakı istiqamətləri işləmək lazımdır:

  1. Şəxsin yalnız adının qeyd olunaraq törətməkdə olduğu və eləcədə törədəcəyi ehtimal olunan əməllər barədə məlumatın verilməsi;
  2. Şəxsin adı və qeyd olunduğu ehtimal olunan digər məlumatlar əsasında onun şəxsiyyətinin müəyyən edilməsi;
  • Şəxsin üzərində olacağı ehtimal edilən və ya qanunsuz dövriyyəsini təşkil etdiyi narkotik vasitələrin növləri;
  1. Şəxsə istinad edilən əməllərin sıralanması;

Raportun bu qədər diqqətdən kənarda saxlanılmasına baxmayaraq bizim raportun üstündə bu qədər inadla dayanmağımızın səbəbi odur ki, şəxs tutulduqdan sonra bu raportda qeyd edilən istiqamətlərin heç birində iş aparılmır. səlahiyyətli orqan şəxsin sadəcə üzərinə (“cibinə”) baxış keçirməklə kifayətlənir və sonrakı mərhələdə digər istiqamətlərdə iş aparmağa cəhd belə etmir.

 

  1. Raportun sübut qismində vəkil tərəfindən istifadə olunması

 

Raport əslində narkotik cinayətləri üçün bir növ yol xəritəsi rolunu oynayır. Yəni yuxarıdakı məzmunda bir raport varsa buradan belə qənaətə gəlmək olur ki,

  1. Şəxs özü saxlanılacaq və üzərində narkotik olması ehtimalı araşdırılacaq;
  2. Şəxsin evində və iş yerində narkotik vasitələrin aşkarlanması istiqamətində iş aparılacaq;
  • Şəxsin narkotik vasitə dövriyyəsi çərçivəsində mal aldığı şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılacaq;
  1. Şəxsin narkotik vasitəni satdığı şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində iş aparılacaq;
  2. Şəxsin narkotik vasitələrin dövriyyəsində əldə etdiyi gəlirlərin müəyyənləşdirilməsi və aşkar edilməsi istiqamətində iş aparılacaq.

Lakin biz bəraət işlərində iş materialları ilə tanış olduqda görürük ki, bu istiqamətlərin heç biri işlənilmir və ya simvolik olaraq müəyyən yazışmalar aparılsa da hər hansı istintaq hərəkəti həyata keçirilmir. Bu da özlüyündə vəkilin müdafiə strategiyasnını əsaslarını müəyyən edir:

Vəkil digər sübutlarla müqayisəli şəkildə raportu təhlil edərək, əslində şəxsin tutulmasından sonra istintaqın passiv fazaya keçməsini həbs qətimkan tədbirinin əslində bir cəza tədbiri kimi tətbiq edilməsini və aprarılan istintaqın əslində istinad edilən Cinayət Məcəlləsinin 234.4.3 maddəsinin tərkib əlamatlərini müəyyən etməyə və bu istiqamətdə sübutlar toplamağa deyil, şəxsin həbs müddətini mümkün qədər uzun olmasını təmin etməyə və yekunda da şəxsə maksimum uzun müddətə azadlıqdan məhrum etmə növündə cəza almağa yönəlməsini sübut etməlidir.

 

 

 

[1] Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında təli̇matın 1.4-cü maddəsi, Məzmununa və baxılma qaydalarına görə məlumatlar iki qrupa bölünür: Cinayətlər barədə və hadisələr barədə. Cinayətlər barədə – Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətlərini özündə əks etdirən və baxılmasının nəticələri üzrə prosessual qərar qəbul edilməsi zəruri olan məlumatlardan biri cinayət faktının (cinayətin əlamətlərinin) aşkarlanması və ya cinayət haqqında məlumatın əldə olunmasına dair daxili işlər orqanları əməkdaşının raportudur.

[2] Əməliyyat-axtarış fəaliyyəti keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 14-cü maddə, IX bəndi

[3] “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, 5-ci maddə

[4] Azərbaycan Respublikasının Ali Məhkəməsinin Qərarı, İş № 1(102)-443/2024