ƏDALƏTLİ MƏHKƏMƏ QƏRARI İLƏ ŞƏXSİN CƏZASI YÜNGÜLLƏŞDİRİLDİ - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

ƏDALƏTLİ MƏHKƏMƏ QƏRARI İLƏ ŞƏXSİN CƏZASI YÜNGÜLLƏŞDİRİLDİ

Hazırda narkotik vasitələrin əldə edilməsi ilə əlaqədar cinayət işləri olduqca aktualdır. Bu blog yazımızda da bu tip cinayət işi üzrə vətəndaşın xeyrinə dəyişdirilən qərarlardan birini nəzərdən keçirib məsələ ilə bağlı Ali Məhkəmənin mövqeyini izah edəcəyik.

Belə ki, şəxsin əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə narkotik maddələrin satış məqsədilə əldə olunması(CM 234.4.1 və 234.4.3) kimi qiymətləndirilmiş və şəxs 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsi isə haqlı olaraq bu əməlin narkotik maddələrin satışı deyil, satış məqsədi olmadan əldə olunması(CM 234.1) olduğunu qərarında əsaslandırmış, şəxsə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və Ali Məhkəmə də həmin qərarı qüvvədə saxlamışdır.

İşin hallarına görə, vətəndaş başqa şəxslə görüşüb qanunsuz olaraq 30 manat pul müqabilində 1 bükümdə külli miqdarda heroini və 30 manat pul müqabilində 1 bükümdə külli miqdarda metamfetamini əldə etmiş, polis əməkdaşları tərəfindən saxlanılmış, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə axtarış keçirilərkən həmin narkotik vasitələr aşkar edilmişdir.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Vətəndaş qərardan narazı qalmış və verdiyi apellyasiya şikayəti təmin olunmuşdur. Belə ki, şəxsin törətdiyi əmələ CM  234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması qərara alınmışdır.

Apellyasiya Məhkəməsi qərarında bildirir ki, vətəndaşa qarşı narkotik maddə və vasitələrin satışı(ağırlaşdırıcı tərkibdə) ilə əlaqədar cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürülsə də, nə məhkəməyədək, nə də ki məhkəmə baxışı dövründə aşağıdakıları təsdiqləyən hər hansı bir sübut əldə edilməmişdir:

  • onun narkotik vasitələrin satışı ilə məşğul olmasını;
  • bununla bağlı hər hansı şəxslə danışıq aparmasını;
  • bu barədə sövdələşməsini;
  • müştərilərdən narkotik vasitələrin dövriyyəsi ilə bağlı sifarişlərin alınmasını;
  • həmin sifarişləri icra etməsini;
  • müştərilər çevrəsinə malik olmasını.

Məhkəmə qeyd edir ki, şəxsin üzərindən şəxsi istehlak miqdarından artıq narkotik  maddə aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir edə də bilməz.

Apellyasiya Məhkəməsinin qərarından prokurorluq  kassasiya protesti vermiş, lakin Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

 Ali Məhkəmə öz mövqeyini əsaslandırarkən bir çox maraqlı arqumentlərə, o cümlədən Avropa Məhkəməsi qərarlarına istinad etmişdir. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Təqsirkarın  narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır,

İbrahimov və Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirir ki, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir.

Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi “nəzarət qaydasında mal alınması” qəbul edilmişdir. Bununla belə, Kuzmina və Digərləri Rusiyaya qarşı işində Avropa Məhkəməsi hətta bu halda belə tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun.

Beləliklə, narkotik vasitələrin satış və ya şəxsi istifadə məqsədilə əldə olunması əmələ qiymət verilərkən xüsusi əhəmiyyət kəsb edir və bu məqsədin sübuta yetirilməsi məhkəmə qərarında əsaslandırılmış şəkildə göstərilməlidir. Əks halda hüququ pozulmuş vətəndaşlar qərarı yuxarı məhkəmədə mübahisələndirərək işə düzgün baxılmasını tələb edə bilər.

Bizimlə əlaqə üçün:

+99450 224 85 05 | +99412 464 80 79

Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə

Bizi izləyin:

LinkedIn: www.linkedin.com/in/parvizmammadovaz

Instagram: www.instagram.com/parvizmammadov.az

Telegram: t.me/mammadovparviz