Azparkinqdən kimlər ödənişsiz istifadə edə bilər?
Parklanma yerləri. Azparkinqdən kimlər ödənişsiz istifadə edə bilər?
Son günlərdə ödənişli parklanma yerlərindən istifadə olduqca aktualdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə ərazisində parklanma yerləri yaradılmış və zonalar üzrə tariflər müəyyən edilmişdir. Ödənişlərin sistemliliyini və rahatlığını təmin etmək məqsədilə Azparkinq sistemi istifadəyə verilmişdir.
Vətəndaşları maraqlandıran əsas suallardan biri budur. Parkinq yerlərinin yaxınlığında yaşayan sakinlərin, həmçinin bu ərazidə fəaliyyət göstərən müəssisələrdə çalışan işçilər ödəniş etməlidirmi?
Parkinq xərci.
Məsələnin bu aspektdən tənzimlənməsi olduqca vacibdir. Çünki parklanma yerləri kimi nəzərdə tutulmuş ərazilərdə fəaliyyət göstərən iş yerlərinin işçiləri həmin parklanma yerlərindən uzun müddət istifadə etməli olurlar. Bu da onlar üçün olduqca yüksək xərclərə səbəb olur. Mövcud tarifləri nəzərə alsaq, Bakıda işləyən şəxsin günlük parkinq ödənişi 3-8 manat olur ki, bu da aylıq 50-160 manat parkinq xərci deməkdir.
“Yol hərəkəti haqqında” qanuna əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün pulsuz parklanma yerləri ayrılır. Habelə onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Göründüyü kimi parklanma ərazilərindən istifadə üçün sakinlərə güzəşt nəzərdə tutulub.
Sakinlər üçün güzəşt
Əsas problem isə sakinlər üçün belə güzəştdən həmin ərazidə fəaliyyət göstərən iş yerlərinin və işçilərin məhrum olmasıdır. Belə ki, qanunvericilikdə həmin parklanma yerlərinə yaxın ərazilərdə fəaliyyət göstərən müəssisələrin işçiləri üçün nəinki belə talonların verilməsi, ümumiyyətlə hər hansı güzəşt nəzərdə tutulmamışdır.
Bununla bağlı hüquqlarını müdafiə etdiyimiz şəxslə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanladığımız müraciətimizə də məhz bu əsasla imtina cavabı verilmişdir.
Bərabərlik prinsipi
Güzəşt tətbiq olunarkən həmin ərazidə yaşayan sakinlərin nəzərə alınıb ərazidə fəaliyyət göstərən iş yerlərinin nəzərə alınmaması olduqca absurddur və qanunvericiliklə, xüsusən də bərabərlik prinsipi ilə ziddiyyət təşkil edir. Belə ki, Konstitusiyamızın 25-ci maddəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
Aidiyyatı dövlət orqanları tərəfindən məsələnin gələcəkdə düzgün tənzimlənməsi istiqamətində addımlar atılacağına ümid edirik.
İstinadlar: Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 213 nömrəli qərarı; Nazirlər Kabinetinin 187 nömrəli 24 aprel 2019-cu il tarixli “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı; “Yol hərəkəti haqqında” AR Qanunu.