Müqavilənin Etibarsızlığı Mümkündürmü?

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Müqavilənin etibarsızlığı və bu barədə məhkəmə təcrübəsi

Müqavilənin Etibarsızlığı Mümkündürmü?

Müqavilənin Etibarsızlığı Mümkündürmü?

Müqavilə Nədir

 

Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun sağlam iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə (tərəflər üçün hüquq və öhdəliklər) yaradır. Əqd etibarsız olduqda isə hüquqi nəticə doğurmadığı üçün hüquq və öhdəliklər əmələ gətirmir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Qeyd edək ki, yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Ali Məhkəmənin belə bir qərarı mövcuddur:

Mənzil Tikinti Korperativi ilə cavabdehlər arasında inşa edilən yüksək mərtəbəli binada yaşayış sahələrinə pay hüquqlarının alqı-satqısına dair 4 ədəd müqavilə bağlanmışdır. İddiaçı kimi MTK bildirir ki, həmin müqavilələr formal olaraq bağlanmışdır, hüquqi qüvvəsi yoxdur. Belə ki, müqavilələr koorperativə maşın ehtiyyat hissələrinin təmin edilməsi qarşılığında bağlanmışdır, cavabdehlərin tanışı olan şəxs iddiaçı MTK-ya həmin maşın ehtiyyat hissələrini təmin etməli idi. Yəni əslində cavabdehlər tərəfindən heç bir pul ödənişi edilməmişdir. Beləliklə, müqavilələr görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlanmışdır.

Birinci İnstansiya Məhkəməsi

Birinci instansiya məhkəməsi İddiaçı MTK-nın iddianın qismində istinad etdiyi faktiki halları mötəbər məlumat kimi qəbul edərək hesab etmişdir ki, müqavilələr görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlanmışdır. Bu hal məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cavabdehlər yaşayış sahəsi əldə etmək üçün pay haqqı ödəməmişlər. Ödəməni təsdiq edən ciddi hesabat blankı (mədaxil qəbzi) təqdim edilməmişdir. Bundan əlavə, cavabdehlərin kooperativə üzv qəbul olunması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qəbul olunmamışdır, onların İddiaçı MTK-nın üzvü olmalarına dair sübutları yoxdur və belə sübutlar ümumiyyətlə mövcud olmamışdır.

Apelyasiya Məhkəməsi

Apelyasiya instansiyası məhkəməsi də işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Növbəti mərhələdə, cavabdehlərin kassasiya şikayətinə əsasən Ali Məhkəmədə işə baxılmışdır. Məhkəmə işin hallarından görür ki, İddiaçı MTK mənzilləri təhvil vermək öhdəliyini icra etməmiş və səbəb kimi müqavilələrin etibarsız olmasını göstərmişdir. Əgər müqavilənin tərəfi əqdin etibarsızlığına istinad edirsə, buna səbəb kimi göstərdiyi faktiki halları sübuta yetirmək əqdin etibarsızlığını iddia edənin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müqavilələrin etibarsızlığı tələbini İddiaçı MTK irəli sürdüyü üçün bu halı sübuta yetirmək vəzifəsi də ona aiddir.

Mkt

MTK isə müqavilələrin başqa əqdi pərdələmək üçün bağlandığını və hüquqi qüvvəsinin olmadığını qeyd edir. Göründüyü kimi, MTK-nın söykəndiyi etibarsızlıq şərti yalan əqd institutuna uyğun gəlir. Bununla belə, MTK tərəfindən müqavilə tərəflərinin hansı üçüncü şəxslər qarşısında və hansı məqsədlə mənzillərin alqı-satqı müqaviləsini bağlayırlarmış kimi görünmək niyyətində olmalarına dair mötəbər sübutlar təqdim edilməmişdir.

Məhkəmənin Qərarı

Buna baxmayaraq məhkəmələr sübutları mötəbərlilik və kifayətedənlik baxımından düzgün qiymətləndirməmiş, yalnız İddiaçı MTK-nın bildirdiyi məlumatlarla kifayətlənməklə müqavilələri etibarsız saymışlar. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Mümkünsüz Hallar

İş materiallarında qarşılıqlı iddiaçıların mənzillərin dəyərinin bir hissəsinin nəğd pulla, qalanının isə maşın ehtiyyat hissəsi verilməklə ödəmələrinə dair izahatları vardır. Bu fakt tərəflər arasındakı münasibətlərdə (hesablaşmalarda) maşın ehtiyyat hissələrinin verilməsi haqqında iddiaçının verdiyi məlumatlarla müəyyən mənada üst-üstə düşür. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçıların verdikləri bu məlumat, özüözlüyündə müqavilələrin əhəmiyyətsiz (yalan əqd) olması nəticəsinə gəlmək üçün kifayət deyil.

Son Razılaşma

Ona görə ki, MTK-nın bir şəxsdən mal (tikinti materialı, yaxud şirkətin avtomobilləri üçün ehtiyyat hissələri və s.) alması müqabilində satıcının, yaxud onun göstərdiyi şəxsin adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla satıcıya borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil. Odur ki, yuxarıda göstərilən qaydada razılaşma və hesablaşma hallarında MTK qarşısında kreditor olan şəxs mənzilin özünün və ya göstərdiyi üçüncü bir şəxsin adına sənədləşdirilməsini istəyə bilər.

Nəticə

Məlum olduğu kimi, qanunverici üçüncü şəxsin xeyrinə müqavilə bağlanılmasını mümkün sayır. Bu elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Belə müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.

Bir tərəfin bu razılaşma üzrə verdiyi malın keyfiyyətsiz olması əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir. Nəticədə bağlanan müqavilə etibarsız əqd sayılmır. Beləliklə, Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv edərək, yenidən baxılması üçün geri qaytarır.

Buradan da bir daha aydın olur ki, işin mahiyyətinə, faktiki hallarına uyğun olaraq iddia qaldırıldığı təqdirdə ədalətli və arzuolunan məhkəmə qərarına çatmaq mümkün olacaqdır. Hal-hazırda müqavilə hüququ ilə bağlı əksər vəkillərin qarşılaşdığı bu problem vətəndaşların hüquq müdafiəsinin təmin olunmasında zəif nöqtə olaraq qiymətləndirilə bilər. Bu səbəbdən də vəkilinizə müqavilənin etibarsızlığı ilə bağlı müraciət edərkən, qeyd edilən məsələlərə diqqət etməyiniz sizin xeyrinizə olacaqdır.

muqavile vekil etibarsiz  eqd eqdin etibarsizligi

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?