Kimlər şahid ola bilməz?
Kimlər Şahid Ola Bilməzlər?
Şahid Sözünün Mənşəyi
Şahid sözü ərəb mənşəli olub, mənası bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam deməkdir. Şahid adlandırdığımız şəxs hər hansısa hadisə ilə bağlı önəmli məlumat sahibidir və onun sahib olduğu məlumat bu hadisənin aydınlaşdırılmasında fayda verir. Qeyd edilməlidir ki, həm cinayət işlərində, həm də mülki işlərdə şahidlərin müəyyən rolu olur.
Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyi
Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə görə iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyinə görə isə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Bu bloq yazısında, əsasən, Cinayət Qanunvericiliyindən yola çıxılaraq şahidlik anlayışı təhlil ediləcəkdir.
Kimlər şahid ola bilər?
Bu sualın cavabı Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsində aydın şəkildə öz əksini tapmışdır. Belə ki, aşağıda nəzərdə tutulan şəxslər istisna olmaqla digər hər kəs şahid qismində cəlb edilə bilər:
- azyaşlı olduqlarına, fiziki və psixi pozuntularına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər;
- müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər;
- cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər;
- cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, andlı iclasçı, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi;
- “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər.
Şahid qismində cəlb edilən şəxslər kimlərə qarşı ifadə verməyə məcbur deyil?
Şahidin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə görə müəyyən hüquq və vəzifələri yaranır. Məsələn, şahid ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab verməkdə məsuliyyət daşıyır. Bununla bərabər şahidin həm də bildiyi məlumatları təqdim etməmə hüququ da qanunla müəyyən olunur. Belə ki, şahid qismində cəlb edilən şəxs özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, eyni zamanda materialların və məlumatların təqdim olunmasından imtina edə bilər.
…………………………………..
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.