Dələduzluq- Hüquqi müdafiə imkanları

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

Dələduzluq- Hüquqi müdafiə imkanları

Dələduzluq

Dələduzluq- Hüquqi müdafiə imkanları

1) Dələduzluq cinayətinin anlayışı.  

  • Dələduzluq –  yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdir.   

2) Dələduzluq cinayətlərinin istintaqını aparan orqan hansıdır?  

  • AR Daxili işlər (polis) orqanları 

3) Əgər dələduzluq cinayəti nəticəsində şəxsə 700 manat ziyan dəymişdirsə, bu zaman onu hansı cəza gözləyir?  

  • 500 manat – 5000 manata qədər ziyan vurulmuşdursa – şəxs 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  • 5.000 manat – 50.000 manat ziyan (xeyli miqdar) – şəxs 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
  • 50.000-500.000 manat ziyan (külli miqdar) – şəxs 5 ildən  10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  • 500.000 manatdan yuxarı (xüsusilə külli miqdar) – şəxs 10 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzası ilə cəzalandırılır. 

4) Şəxs nə zaman törətdiyi dələduzluq əməlinə görə cinayət məsuliyyətindən azad edilə bilər?  

  • Şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmişdirsə, zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olur. 
  • Eyni əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 5.000-dən 50.000 manata qədər ziyan vurmaqla törədildikdə, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 
  • Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə; 50.000-dən 500.000 manata qədər ziyan vurmaqla törədildikdə, zərərçəkmiş şəxslə barışmışdəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. 

5) Dələduzluq cinayət əməli ilə bağlı cinayət işinə hansı hallarda rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır? 

Aşağıdakı dələduzluq əməlləri ilə bağlı cinayət işinə rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.  

  • etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə; 
  • Göstərilən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildilməsi;  
  • Təkrar törədilməsi; 
  • Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi; 
  • xeyli miqdarda ziyan vurmaqla törədilməsi. (5000- 50.000 manat) 

Qeyd: Rayon məhkəmələri cinayət işlərinə o zaman baxır ki, həmin cinayət tərkibi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət olsun.  

  • Böyük ictimai təhlükə törətməyən cinayət dedikdə, sanksiyasında 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur; 
  • Az ağır cinayət dedikdə isə sanksiyasında 2 ildən  7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

6) Dələduzluq cinayət əməli ilə bağlı cinayət işinə hansı hallarda ağır cinayətlər məhkəmələri məhkəmə tərəfindən baxılmalıdır? 

 Aşağıdakı dələduzluq əməlləri ilə bağlı cinayət işinə ağır cinayət məhkəmələri tərəfindən baxılmalıdır: 

  • Yuxarıda sadalanan əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
  • külli miqdarda ziyan vurmaqla törədildikdə (50.000- 500.000 manat) 
  • xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə (500.000 manatdan yuxarı) 

Qeyd: Cinayət işinə Ağır Cinayətlər Məhkəməsində o zaman baxılır ki, bu cinayət tərkibi ağır və ya xüsusilə ağır olsun.  

  • Ağır cinayət dedikdə sanksiyasında 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.   
  • Xüsusilə ağır cinayət dedikdə isə cinayət tərkibinin sanksiyasında  12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

7) Əgər dələduzluq cinayət işi ilə bağlı şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən ittiham və ya bəraət hökmü çıxarılmışdırsa, həmin hökmdən hansı müddət ərzində apellyasiya şikayəti vermək mümkündür? 

  • Hökmün elan olunduğu andan 20 gündən  müddətində apellyasiya protesti və ya şikayəti verilə bilər. 

8) Apellyasiya İnstansiya Məhkəməsinin qərarından hansı müddətə kasssasiya şikayəti vermək mümkündür? 

  • Qərarın şəxsə təqdim edildiyi gündən 1 ay ərzində verilir. 
  • Bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 3 ay müddətində verilir. 

9) Dələduzluq cinayətlərində istintaq müddəti nə qədərdir?  

178.1- cinayət işinin başlanmasından ən geci 2 ay keçdikdən sonra;  

İstintaqın uzadılma müddəti:  2 ay, 1 ay, 1 ay. 

Qeyd: istintaq müddəti 6 aydan çox olmayan müddətdə qutarmalıdır. 

 178.2- cinayət işinin başlanmasından ən geci 3 ay keçdikdən sonra;  

İstintaqın uzadılma müddəti: 2 ay, 2 ay, 3 ay 

Qeyd: istintaq müddəti 10 aydan çox olmayan müddətə qutarmalıdır. 

 178.3- Cinayət işinin başlanmasından ən geci 4 ay keçdikdən sonra.  

İstintaqın uzadılma müddəti: 3 ay, 3 ay, 3 ay 

Qeyd: istintaq müddəti 13 aydan çox olmayan müddətə qutarmalıdır. 

 178.4 cinayət işinin başlanmasından ən geci 4 ay keçdikdən sonra. 

İstintaqın uzadılma müddəti: 4 ay, 5 ay, 6 ay.  

Qeyd: istinaq müddəti 19 aydan çox olmayan müddətə qutarmalıdır. 

10) Şəxsin dələduzluq əməlindən şikayət ərizəsi  

  1. Zərərçəkmiş şəxs şəxsin dələduzluq əməlləri ilə bağlı Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına ərizə ilə müraciət edə bilər. 
  2. Həmin ərizədə şəxsə qarşı dələduzluq əməlinin törədilməsi ilə əlaqədar dələduzluq cinayət tərkibinin əlamətləri (obyekti, obyektiv cəhəti, subyekti, subyektiv cəhəti) göstərilməlidir. 
  3. İlk öncə ərizədə onun ünvanlandığı orqan və həmin orqanının başçısı və onun kim tərəfindən yazıldığı qeyd edilməlidir.  
  4. Ərizədə tərəflərə məxsus məlumatlar öz əksini tapmalıdır. Məsələn, A MMC B MMC ilə alğı-satqı müqaviləsi bağlamış, lakin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməyərək etibardan sui-istifadə etmişdirsə, bu zaman müqavilənin bağlanma tarixi, şəxsin borcunun nə qədər olması, hüquqi və ya fiziki şəxs olması, təşkilatı hüquqi forma,  VÖEN və ya fərdi identifikasiya nömrəsi, əlaqə vasitələri, şəxsin ünvanı və s. kimi məlumatlar əks edilir. 
  5. Daha sonra ona qarşı törədilmiş dələduzluq əməlinin əlamətlərini faktlarla əsaslandırmaq lazımdır. Yəni şəxs ərizədə onun əmlakının etibardan sui-istifadə yolu ilə və ya aldatma yolu ilə ələ keçirilməsini qeyd etməlidir.  
  6. Şəxs cinayətin obyektinin mülkiyyət münasibətlərinin təşkil etdiyini ərizədə göstərməlidir. Məsələn, müqavilə, vəsiyyətnamə, etibarnamədə, qiymətli kağızlarda və s. əks edilən əmlak hüquqlarının, yəni mülkiyyət hüququnun, girov, tələb və s. hüquqlarının dələduzluq yolu ilə ( aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə) əldə edilməsini göstərilıməlidir. 
  7. Ərizədə dələduzluğun törədilmə üsulu öz əksini tapmalıdır. Belə ki, dələduzluq aldatma üsulu ilə törədilmişdirsə, ərizədə aşağıdakılar əks edilməlidir:

Davamı

  1.  Şəxs tərəfindən digər şəxsin əmlak hüququnu əldə etmək məqsədilə ona verilən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar və ya gizlədilmiş həqiqi məlumatlar; Ərizədə həqiqətə uyğun olmayan və ya gizlədilmiş məlumatlar qismində hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, dələduzluq əməlini törədən şəxsin şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar əks edilə bilər. Müqavilənin predmeti olan təqdim edilən saxta əşyalar, saxta sənədlər, onların əldə edilməsi, malları alınması zamanı hansı aldadıcı üsullardan istifadə edilmişdir və s.; 
  2. Bu zaman ərizədə dələduzluq əməlini törədən şəxsin müəyyən faktın mövcud olub-olmaması barədə hansı yalan məlumatları təqdim edib, və ya həmin şəxsin verməli olduğu məlumatı verməməsi və ya gizlətməsi barədə nüanslar qeyd edilməlidir.  
  3. Ərizədə həmçinin aldatma üsulu ilə dələduzluğun törədilmə halında əgər şəxs özünü vəzifəli şəxs kimi təqdim etmişdirsə, özünü vəzifəli şəxs kimi təqdim edən şəxs və verilən yalan vədlər də öz əksini tapmalıdır.  
  4. Bu əməlin subyektiv cəhəti ərizədə göstərilərək, şəxsin niyyətinin həqiqətən dələduzluq cinayətini törətmək olduğu faktlarla əsaslandırılmalıdır. Şəxsin aldatma üsulu ilə dələduzluq cinayətini törətməsinə niyyəti yuxarıda (7-ci bənddə) əks edilən hərəkətləri etməsi ilə müəyyən edilir. Ona görə də ərizədə onun bu əməli törətməsinə niyyətinin olması həmin maddələrdə istinad edilən hərəkətlərin edilməsi ilə əsaslandırıla bilər.  
  5. Dələduzluq əməli etibardan sui-istifadə etmə yolu ilə törədilmişdirsə, ərizədə bu əməli törədən şəxsin aşağıdakı hərəkətlərindən biri göstərilməlidir: Şəxs əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdmüşdürə, ərizədə onun əmlakın mülkiyyətçisi, bu əmlak sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə olan etibarlı münasibətindən istifadə edilməsi göstərilməlidir. Həmin etibarlı münasibətlərin qulluq səlahiyyətlərinin həyata keçirilməsindən, və ya zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərindən yaranması halları əks edilməlidir. 
  6. Etibardan sui-istifadə etmiş şəxsin niyyəti ərizədə faktlarla əsaslandırılmalıdır. Məsələn, şəxs kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmürsə, ərizədə oun niyətini əks etdirən qeydlər olmalıdır. Məsələn, onun öz öhdəliklərini yerinə yetirə bilməsi üçün real maliyyə imkanlarının olmaması, əmlakı əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun olması haqda məlumat verməməsi və ya yanlış məlumatlar verməsi və s. onun niyyətini əsaslandıran faktlar qismində çıxış edə bilər.

Davamı

Ərizədə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə vurulan ziyanın məbləği göstərilməlidir. 

Əgər

Əgər zərərçəkmiş şəxsin adına olan sənədlərdən istifadə edilərək, qanunsuz olaraq pensiyalar, müavinətlər, banka yerləşdirilmiş vəsaitlər ələ keçirilmişdirsə, ərizədə təqsirkarın kredit təşkilatının əməkdaşına özünün həmin sənədlərə sahib olan şəxs kimi təqdim edərək inandırmağı barədə fakt qeyd edilməlidir.

Daha sonra

  1. Daha sonra ərizənin hüquqi əsaslar hissəsində Konstitusiyadan, Cinayət Məcəlləsi, Cinayət Pressual Məcəlləsindən müvafiq maddələr əlavə edilməlidir. 
  2. Ərizədə xahiş hissəsi qeyd edilməlidir: “X tərəfindən törədilmiş qanunsuz əməllərin araşdırılması, onun etdiyi əməllərə hüquqi qiymət verilməsi və şəxs barəsində cinayət işinin başlanılması haqqında qərar qəbul etməyinizi xahiş edirik.” 
  3. Ərizəyə qoşma əlavə edilməlidir. (müqavilə, order, etibarnamə və s.) 
  4. Səlahiyyətli şəxsin imzası və tarix göstərilməlidir. 

11) Maddənin mətni 

178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—  min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

178.2. Eyni əməllər: 

178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 

178.2.2. təkrar törədildikdə; 

178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 

178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—  dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya  bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:  

178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 

178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə—  beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

178.4. Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —  on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

 

 

 

 

 

Sualınız var?