Vətəndaşla dövlət qurumu arasında vasitəçi olmalıdırmı? - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Vətəndaşla dövlət qurumu arasında vasitəçi olmalıdırmı?

İnzibati orqan ilə vətəndaşlar arasında yaranan Inzibati mübahisələrdə mediasiya yolverilməzdir.

Azərbaycanın məhkəmə və mübahisələrin həlli sistemində son illərin ən maraqlı yeniliyi mübahisələrin mediasiya üsulu ilə həllinin tətbiqidir.

Mediasiya mübhaisələrin məhkəmədən kənar həlli üsulu olaraq 29 mart 2019-cu il  tarixli  1555-VQ nömrəli qanunla təsbit edilib. Mülki, hüquqi, kommersiya və s. mübahisələrdə mediasiyanın tətbiqi hər zaman doğru seçimlərdən biri kimi çıxış edə bilir və bir çox hallarda da effektiv nəticələrə gətirməsi mümkündür.

Lakin fikrimizcə inzibati hüquq münasibətlərində mediasiyanın bir üsul kimi tətbiqi, hüquqi baxımdan düzgün deyildir.

İlk növbədə mediasiya termininin etimoloji mənasına baxsaq görərik ki, latın dilində “mediare” – ortada olmaq (dayanmaq) “medius” – orta sözlərindən gəldiyini ehtimal edirlər. Sözün anlamını ortaq məxrəcə gəlmək orta yolu tapmaq ifədələri kimi qəbul edə bilərik.

Sözügedən qanunda Mediasiya anlayışı belə izah edilib – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses.

İnzibati hüquq münasibətləri isə öz təbiəti etibarı ilə ortaq məxrəci və qarşılıqlı razılaşmanı istisna edən münasibətlərdir. Vətəndaş hansısa hüququnu həyata keçirərkən (Sağlamlığın qorunması hüququ, Təhsil hüququ, Sosial təminat hüququ və s.) ya da hansısa  vəzifəsini icra edərkən bu münasibətlərin iştirakçısı olur.

Amma başqa mübahisələrdən fərqli olaraq bu münasibətlər tərəflərin idarəsi ilə deyil, birmənalı şəkildə qanunvericiliklə tənzimlənir. Daha sadə desək, inzibati mübahisələrdə vətəndaşın hüququ, ya vardır, ya da yoxdur. Eyni zamanda vətəndaşın vəzifəsi də – ya vardır, ya da yoxdur.

 

Daha sadə olması üçün fikrimizi bir sıra aktual – dövlət qurumları və vətəndaşlar arasında tez-tez təkrarlanan 3 növ mübahisəyə baxışla izah edək:

1.         Vətəndaş təqaüd almaq üçün  inzibati orqana müraciət edir. Əgər vətəndaşın təqaüd almaq hüququ varsa, o halda inzibati orqan qanunun tələblərinə əsasən ona bu təqaüdü təyin etməli və ödəməlidir.  Əgər hər hansı səbəbdən vətəndaşa təqaüd verilməli deyildirsə, bu halda da inzibati orqan təqaüd verməkdən imtina etməlidir. Burada mediatora müraciət edərək hər hansı bir ortaq razılaşmaya nail olmaq hüquqi baxımdan mümkün deyildir.

2.         Vətəndaş özünə məxsus olan torpaq sahəsində fərdi ev tikmək üçün inzibati orqana müraciət edir, əgər onun təqdim etdiyi sənədlər qanunvericiliyin tələblərinə uyğundursa, ona icazə verilməli, əks halda isə imtina edilməlidir. Bu halda da danışıqlar yolu ilə hər hansı ortaq razılaşma nöqtəsinə gəlmək mümkün deyildir.

3.         Eyni qaydada da tikmiş olduğu fərdi evə mülkiyyət hüququna dair çıxarış almaq istəyən vətəndaşın müraciəti – əgər qanuni və əsaslıdırsa təmin edilməli, əks halda ona da imtina verilməlidir. Burada da 3-cü versiya, başqa bir yol, hüquqi baxımdan mümkün deyildir.

Burada ortaq məxrəcə gəlmək vətəndaşın hüququndan qismən imtina etməsi və ya vəzifəsini qismən icra etməsi eləcə də dövlət orqanının vətəndaşın hüququnu qismən həyata keçirməsi ilə və vəzifəsini qismən icra etməsi ilə razılaşması anlamın gəlir.

Bu isə özlüyündə həm Hüquqi dövlətin prinsiplərinə həm Konstitusiyaya həm də «İnzibati icraat haqqında» qanuna ziddir.

Əgər vətəndaşın təhsil hüququ varsa o tam təmin edilməlidir. Əgər vətəndaşın sosial təminatın hər hansı bir növünə hüququ varsa bu tam təmin edilməlidir. İnzibati orqan heç bir vasitəçinin müdaxiləsinə gərək qalmadan qanunu rəhbər tutaraq onun bu hüququnu təmin etməlidir.

Əgər bu hüquq təmin olunmursa burada iki versiyadan bir ola bilər:

•           Ya vətəndaşın iddia etdiyi sosial təminat növünə hüququ yoxdur;

•           Ya inzibati orqan vətəndaşın bu hüququnu təmin etməkdən qanunsuz imtina edir.

Hər iki halda bu mübahisənin danışıqlar və ortaq məxrəc yolu ilə həlli istisna olunur. Çünki 1-ci halda vətəndaşa təqaüdün və s. verilməsi qanuna ziddir. İkinci halda isə qanunsuz inzibati aktı qəbul etmiş vəzifəli şəxs vətəndaşın hüququnu pozduğu üçün məsuliyyət daşıyır.

Burada söhbət yalnız vətəndaşın (əgər inzibati aktı mübahisələndirmək və məhkəməyə müraciət etmək istəyirsə) düzgün şəkildə məlumatlandırılmasından gedə bilər ki, işin məhkəmə perspektivinin olub olmaması ona izah olunsun. Bu isə mediasiyanın funksiyalarına daxil deyildir.

Mövqeyimizi daha dəqiq izah etmək üçün inzibati icraat haqqında qanunda təsbit olunmuş bəzi prinsipləri burada qeyd etməyi zəruri hesab edirik.

Qanunçuluq prinsipi – 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

Əgər vətəndaşın tələbi qanunun tələblərinə uyğundursa o halda  inzibati orqan müvafiq inzibati aktı qəbul etməyə borcludur.

Yox əgər vətəndaşın tələbi qanunun tələblərinə cavab vermirsə o halda vətəndaşa imtina olunmalıdır.

Bərabərlik prinsipi – 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

Etimadın qorunması prinsipi  – 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

İnzibati orqanın qərarını hər hansı qeyri-dövlət platformasında müzakirəyə çıxarmaq və onun həlli yolunu axtarmaq inzibati praktikaya olan etimadı sarsıda bilər.

Hüququn tətbiqindən imtinanın qadağan olunması – 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

Normanı tətbiq etməli olan inzibati orqan hər hansı kənar təsdiq və ya göstəriş gözlmədən onu tətbiq etməyə borcludur. Əgər tətbiq edilməli olan normanın tətbiqindən imtina olunursa burada artıq müvafiq vəzifəli şəxsin məsuliyyət məsələli qaldırılmalıdır nəinki onunla danışıqlar aparılması …