Rüşvətxorluq – ümumi anlayış və istiqamətlər - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Rüşvətxorluq – ümumi anlayış və istiqamətlər

Rüşvətin bir cinayət əməli kimi əsrlərdir mövcud olması tarixi qaynaqlarda öz əksini tapmışdır. Türkdilli lüğətlərdən Kamusi-Türkidə (Şəmsəddin Sami (Fraşiri) “Bir məmura haqlı və ya haqsız bir iş gördürmək için verilən pul və ya hədiyyə” mənasında göstərilmişdir. Azərbaycan dilinin izahlı lüğətində – öz xeyrinə olan bir iş gördürmək xatirinə hər hansı bir vəzifəli şəxsə verilən pul və ya şey – olaraq göstərilir.

Dilimizdə rüşvətin verilməsi və alınmasını əhatə edən rüşvətxorluq sözü də istifadə edilir. Azərbaycan dilinin izahlı lüğətində   rüşvətxorluq  –  rüşvət alıb iş düzəltmə – olaraq izah edilir.

Cinayət Məcəlləsində rüşvətxorluq 2 ayrı maddəni əhatə edir. Rüşvət alma (passiv rüşvətxorluq) (Maddə 311) və Rüşvət vermə (aktiv rüşvətxorluq) (Maddə 312)

Rüşvət alma dedikdə –  vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – nəzərdə tutulur.

Rüşvət vermə dedikdə  isə – Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – nəzərdə tutulur.

Göründüyü kimi Cinayət qanunvericiliyimizdə rüşvətxorluğa daha geniş və əhatəli bir baxış mövcuddur.

Lakin təəssüflə qeyd etməliyik ki, vətəndaşlarımızda rüşvətxorluğun cəmiyyətimiz və dövlətimiz üçün nə dərəcədə zərərli olması barədə çox az məlumat var. Belə ki, insanlar oğurluq, quldurluq, qəsdən adam öldürmə cinayətlərinin necə təhlükəli zərərli olmasını bildiyi və təsəvvür etdiyi halda, rüşvətxoruluqla mübarizənin onun üçün bilavasitə təhlükə törətmədiyini bəzi hallarda isə onun xeyrinə olduğunu düşünür.

Bu baxımdan vətəndaşlarımızın həm rüşvətxorluğun müəyyən əlamətləri barəsində həm də bu cinayət əməli nəticəsində vurulan zərərin miqyası barədə geniş məlumatlandırılmasına ehtiyac vardır.

Məhkəmə təcrübəsi və eləcə də araşdırılan cinayət işləri barədə mətbuata verilən açıqlamaları ümumiləşdirsək tipik rüşvət alma halları aşağıdakı istiqamətlərdə özünü biruzə verir:

Sosial təminatlar üzrə –  “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz hərəkətləri barədə  Abşeron rayonu sakininin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb etmişdir”.

Burada komissiya sədri öz qanunsuz əməli ilə, həm konkret vətəndaşın konstitusion hüquqlarını pozur həm də vətəndaşlarda dövlət orqanlarına olan inamı zədələyərək onlarda qanuni hüqüqlarının həyata keçirilməsinin mümkünsüzlüyü fikrini formalaşdırır.

Vətəndaşların sağlamlığının qorunması (səhiyyə) üzrə – “Fazil Əliyevin koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin həmin xəstəxanaya yerləşdirilərək müalicə olunmaları üçün ayrı-ayrı xəstələrdən ümumilikdə 1000 ABŞ dolları və 1800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən olunub. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fazil Əliyevə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.”

Sağlamlığın qorunması hüququ da vətəndaşların konstitusion hüququdur və heç bir halda məhdudlaşdırılmayan bir hüquqdur. Lakin həkimin qanunsuz əməli həm tələb olunan rüşvəti verə bilməyən şəxsləri bu hüquqdan məhrum edərək onların həyatını və sağlamlığını təhlükə altına qoyur. Həm də dövlətin pandemiyanın qarışısını almaq üçün yürütdüyü siyasətin effektivliyini heçə endirir.

Eyni zamanda xəstəxanaya qəbul edilməli olmayan şəxslərin hesabına çarpayıları məşğul edərək daha ağır xəstələrin həyatı və sağlamlığını təhlükəyə atır.

Təhsil Sahəsində – “Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ələkbərov Xaləddin Qasım oğlunun və həmin kollecin əyani şöbəsinin müdiri vəzifəsində işləmiş Dursunov İlqar Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə Xaləddin Ələkbərovun və İlqar Dursunovun həmin vəzifələrdə işləyərkən 2019-2020-ci tədris ilində kollecdə təhsil alan 90 tələbədən imtahanlarda müsbət qiymətlərin yazılması və dərslərdə iştirak etmədən semestr imtahanlarına buraxılması müqabilində 2019-cu il dekabrın ortalarından 2020-ci ilin yanvar ayının sonunadək olan müddətdə kollecin inzibati binasında ümumilikdə 12 min 100 manat məbləğdə pul vəsaitini almalarına əsaslı şübhələr müəyyən edilib.”

Təhsil hüququ da vətəndaşların daha bir konstitusion hüququdur ki, bu halda Kollecin direktoru və digər vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində pozulur.Eyni zamanda bu əməlləri ilə həmin şəxslər vətəndaşların bərabərlik hüququnu da pozaraq, qanunvericilikdə göstərilən meyarları deyil onların tələb etdiyi məbləği verən tələbələrin mənafeyini əsas götürərək qiymətləndirmə aparırlar.

Sonda isə bir daha qeyd etmək istərdik ki, rüşvətxorluğa qarşı əhalinin maariflənidirilməsi sahəsində iş aparılmasına ciddi zərurət vardır. Bu sahədə əhalinin savadlılığının artırılması öz növbəsində rüşvətxorluğun azaldılması istiqamətində mühüm rol oynayacaqdır.

Müəllif: Pərviz Məmmədov

Vəkillər Kollegiyasının üzvü 

Hüquqşünas